Cari ilin 2 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası tərəfindən yardımın təqdim olunması mərasimi keçirilib.
XİN-dən Milletinsesi.az-a verilən məlumata görə, tədbirdə AR Xarici işlər nazirinin müavini Ramiz Həsənov, AR Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
Çıxışında AR Xarici işlər nazirinin müavini Ramiz Həsənov tədbirin Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə təsadüf etdiyini vurğulayaraq, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir müavini, hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və “Vahid Çin” prinsipi məsələlərində bir-birlərini dəstəklədiklərini, eləcə də çoxtərəfli formatlarda əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Çinin təşəbbüsü olan “Bir Kəmər-Bir Yol” layihəsində son illər ərzində ölkəmizin fəal iştirakının ticarət, yüksək texnologiyalar, sərmayələr, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.
Hazırda qlobal səviyyədə COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəyliyin nümayiş edildiyi məmnunluqla vurğulanıb. ÇXR-in Azərbaycana COVİD-19 infeksiyasının müəyyən edilməsi üçün test dəstlərinin hədiyyə etməsinin bu dostluğun bariz nümunəsi olduğunu qeyd edən R.Həsənov göstərilən dəstəyə görə Çin xalqına və hökumətinə minnətdarlığını ifadə edib. O, Azərbaycanın da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirdiyini və ona kömək məqsədi ilə maddi və mənəvi dəstəyini əsirgəmədiyini bildirib.
Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə təsadüf edən bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini, eləcə də Çin ilə Azərbaycan arasındakı dərin və incə dostluğu, yüksək qarşılıqlı etimadı nümayiş etdirdiyini vurğulayıb. Yeni koronavirus sətəlcəm epidemiyasının qəfil başlaması fonunda, heç bir çətinlik və təhlükədən qorxmayan Çin hökuməti və Çin xalqının böyük fədakarlıqla ölkədə epidemiyanın qarşısının alınması tədbirlərindən bəhs edən xanım Səfir, hazırda mövcud vəziyyətin yaxşılaşmaqda davam etdiyini, istehsal və həyat tərzinin sürətlə bərpa olunduğunu səsləndirib. O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğulayıb. Cənab Prezident İlham Əliyev tərəfindən dərhal cənab sədr Si Cinpinə başsağlığı məktubunun göndərildiyi qeyd olunub. Eləcə də Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən epidemiya qarşısının alınması üçün materialların bağışlanması, Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq kanallar vasitəsilə Çin ilə fəal şəkildə həmrəy olduqlarını ifadə etdikləri Səfir Qo Min tərəfindən məmnunluqla qeyd olunub. Çin ilə Azərbaycan arasındakı dostluğu əks etdirmək üçün, Çin hökumətinin 5000 nəfərlik yeni növ koronavirus epidemiyasının aşkarlayıcı testlərinin Azərbaycan tərəfinə hədiyyə etmək qərarına gəldiyi xanım Səfir tərəfindən səsləndirilib. Çinin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcəyi bildirilib.
Daha sonra çıxış edən AR Səhiyyə nazirinin müavini Viktor Qasımov hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığını qeyd edərək, bu xüsusda infeksiyanın Azərbaycandan da yan keçmədiyini təəssüflə bildirib. Dövlət başçısının birbaşa rəhbərliyi altında Azərbaycan hökumətinin infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və təsirli tədbirlər həyata keçirdiyi qeyd olunub. V.Qasımov Azərbaycan həkimlərinin infeksiya ilə mübarizədə bu gün qəhrəmancasına fəaliyyət göstərdiklərini vurğulayıb. O, Çin hökumətinin və xalqının koronovirus epidemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini ÇXR tərəfinə çatdırıb. Nazir müavini, həmçinin Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalanıb.