Çində yoluxma artır – Komitə sədri “pandemiya bitib” deyir

Çində yoluxma artır – Komitə sədri “pandemiya bitib” deyir

Çində ardıcıl üçüncü gündür ki, pandemiyanın bütün dövrü ərzində aşkarlanan COVID-19 hallarının sayında gündəlik antirekord qeydə alır. Son sutka ərzində Çində 35183 yoluxma hadisəsi qeydə alınıb ki, bunun da əksəriyyəti asemptomatikdir.

 

Azərbaycana və dünyaya bunun necə təsir edəcəyi böyük maraq doğurur. İnsanlar nə vaxt pandemiya bitəcək deyə gözləyir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, koronavirus pandemiyasının əvvəlki güc və miqyasının yenidən artması ehtimalı azdır.

 

 

Komitə sədrinin sözlərinə görə, dünyada və Azərbaycanda kütləvi imunizasiya prosesi gedib. Pandemiya artıq bitib. Bundan sonra koronavirus yəqin ki, yalnız simptomatik, epizodik hallarda qış və payız aylarında digər virus infeksiyaları kimi özünü büruzə verəcək. Ancaq biz daimi vaksinasiya prosesini davam etdirməliyik. Bu proses ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Soyuq havalarda geyimimizə fikir verməli, xəstə olub-olmamağımıza baxmayaraq maskadan istifadə etməliyik. Tək koronavirusa qarşı deyil, digər virus və paravirus infeksiyalarına qarşı da maskalardan istifadə etmək lazımdır”.

 

M.Quliyev deyib ki, yoluxma artsa da, qapanmaya səbəb durum olmayacaq:

 

“Qapanmalar yoluxmanın intensivliyindən asılıdır.  Azərbaycanda intensiv yoluxma yoxdur, yəqin ki, bundan sonra da olmayacaq. Koronavirusu digər qrip və ya virus infeksiyaları kimi keçirənlər olacaq. Çünki koronairus tam yox olmayıb və olmayacaq. Bir sözlə, özümüzü qorumaq üçün fərdi gigiyena qaydalarına əməl etməliyik”.

 

Komitə sədri Ümumdünya Səhiyyə Təşkilatı elan etməsə də, “pandemiya bitib” fikrini belə əsaslandırıb:

 

“Pandemiyanın bitməsinin dünyaya BMT səviyyəsində elan edilməsi bir çox dövlətləri və insanları arxayın salacaq. Beləliklə, vaksinasiya prosesi dayanacaq. Yəqin ki, gələn yaza kimi ÜST belə bir elan verməyəcək”

Mənbə

Share: