Coders Azerbaijan və STEPI Koreyada görüşlər keçirib

Coders Azerbaijan və STEPI Koreyada görüşlər keçirib

Coders Azerbaijan, Azərbaycan Yüksək Texnologiyalar Parkının və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında əməkdaşlıq çərçivəsində Koreyanın paytaxtı Seul şəhərində görüşlər baş tutub.

 

Azərbaycanın Yüksək Texnologiyalar Parkının Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə birgə icra etdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Coders Azerbaijan, YTP-nin icraçı direktoru Zaur Nəhmətov, İnkubasiya və texnologiyaların transferi mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və Coders Azərbaycan şirkətinin həmtəsisçisi Seymur Həmidov Koreya Respublikasında səfərdə olublar.

 

Səfərin əsas məqsədi Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması imkanlarını artırmaq üçün Koreyanın bu sahədəki təcrübəsini öyrənmək, tədqiqat institutlarını ziyarət etmək, Azərbaycan üçün texnologiyaların kommersiyalaşdırılması proqramının Fəaliyyət Planına dair müzakirələr aparmaq və bu sahədə hər iki ölkənin akademik-sənaye qurumları və ekspertləri arasında şəbəkə yaratmaqdan ibarət olub.

 

Azərbaycan nümayəndə heyəti Seul və Daejon şəhərlərində yerləşən “SK TELECOM” şirkətinin Gələcək Mərkəzi, Koreya Qabaqcıl Texnologiyalar İnstitutu (KIAT), Koreya Elm və Texnologiya İnstitutu (KIST), Innotown SEUL Bio-hub, Koreya Universitetinin X-Garage İnkubasiya Mərkəzi, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Hanbat Universiteti, Milli Texnologiya Bankında (KIBO) keçirilən görüşlərdə iştirak ediblər.

 

Səfər çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Ramin Həsənovla da görüş keçirilib. Görüşdə iki ölkə arasında elmi-texnoloji əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətlərdə mövcud imkanlar haqqında məlumat verən səfir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

 

Nümayəndə heyətinin üzvləri, həmçinin səfirliyin dəvəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Koreya Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə iştirak ediblər.

 

Mənbə

Share: