Çörək müqəddəs ola bilir, Quran yox-Aqil Abbas

Quranın içinə yazılmalıydı ki, bu müqəddəs kitabdı? Nə Vətən torpağının üstünə, nə bayrağa, nə çörəyə, nə də anaların alnına “müqəddəs” sözü yazılıb. Amma hamımız onları müqəddəs kimi qəbul edirik.
Bu sözləri millət vəkili, deputat Aqil Abbas ilahiyyatçı Elşad Mirinin “Quran müqəddəs kitab deyil. Quranda onun müqəddəs olduğunu deyən heç bir ayə yoxdur” fikirlərinə münasibət bildirərkən deyib.
A.Abbas bildirib ki, E.Mirinin bu sözləri onu hövsələdən çıxarıb:
“Savadına, dünyagörüşünə hörmət elədiyim Elşad Miri (özü də ilahiyyatçıdı, yəni ateist deyil) durub-durduğu yerdə deyir ki, Quran müqəddəs kitab deyil, çünki bu kitabda onun müqəddəs olmağı haqqında heç nə yazılmır. Arxadaşın sözündən belə çıxır ki, Quran adi kitablardan biridi. Yəni Quranla onun nəşr etdirdiyi kitablar arasında heç bir fərq yoxdur.
Var, arxadaş, var. Özü də çox böyük fərq var. Quranda Allahın kəlamları toplanıb, sənin-mənim kitablarımızda isə bizim düşüncələrimiz. Aradakı fərq heç bir ölçüyə gəlməz. İncil də, Tövrat da müqəddəsdir. Çünki həmin kitablarda da Allah kəlamı yazılıb.
İkincisi, gərək mütləq Quranın içinə yazılaydı ki, bu müqəddəs kitabdır? Nə Vətən torpağının üstünə, nə bayrağa, nə çörəyə, nə də anaların alnına “müqəddəs” sözü yazılıb. Amma hamımız onları müqəddəs kimi qəbul edirik. Çünki həm Quranı, həm çörəyi, həm Vətəni, həm bayrağı, həm də ananı müqəddəs edən amillər var”.
Millət vəkili hesab edir ki, Hacı Şahin Elşad Miriyə lazımi və layiqli cavabı verib:
“Hacı Şahin kimi görkəmli bir din xadimindən sonra mənə bu məsələdə daha geniş nə isə yazmaq düşməz. Mən din xadimi deyiləm, hər halda fanatik dindar da deyiləm. Əgər Elşad Mirinin bu fikri məni hövsələdən çıxardırsa, görün inanclı insanlar bu sözləri eşidəndə hansı hissləri keçiriblər və keçirirlər”.
Xatırladaq ki, ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində bildirib ki, Quran müqəddəs kitab deyil. Onun sözlərin görə, Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz.
İlahiyyatçı əlavə edib ki, Quranın digər kitablardan heç bir fərqi yoxdur:
“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı, nə deyəcəkdiniz? Qurani-Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq, sadəcə, burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı, onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır, ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar həmin ərəb əlifbasında yazılıb”.
İlahiyyatçının bu fikirlərinə Axar.az vasitəsilə münasibət bildirən ilahiyyatçı Hacı Şahin bildirib ki, hətta torpaq da müqəddəs ola bilər:
“Quranda Musa peyğəmbərə müraciətdə deyilir: “Çarıqlarını çıxar, sən müqəddəs bir vadiyə daxil olmusan”. Buradan o məlum olur ki, torpaq, müəyyən ərazi belə müqəddəs ola bilər. O ərazi ona görə müqəddəsdir ki, o torpaqda Musa peyğəmbərə vəhy nazil olur. Quranın bəyan etdiyinə görə, o torpaq müqəddəsdir. Torpaq müqəddəs olursa, Allah kəlamı da müqəddəs sayılır. Çünki bu Allahın sözüdür, Allahın kəlamıdır”.(Axar.az)

Share: