
“Komik rolda da çəkilmək istəyərəm, həm ürəyim açılar, həm də görsünlər ki, gülməyi bacarıram”
“İndi çəkilən bədii filmlərə çox təklif gəlmir. Yəqin ki, mənə uyğun rol olmayıb. Son illər ərzində seriallarda çəkilmişəm. Yaş artıq o yaşdır ki, rahatlıqla yanaşı da, keyfiyyətli iş də istəyirsən. Bu qədər filmlərdə çəkilmişəm, bundan sonra harada oldu çəkilmək düzgün deyil. Daha yaxşısı olmalıdır, nəinki pis. Tamaşaçı sevgisinin üstündən xətt çəkib, səviyyəsiz ekran işlərində görünməyi özümə yaraşdırmıram. Çünki hara gedirəmsə böyük sevgi və hörmət görürəm”.
Bunu Moderator.az-a açıqlamasında florist-rəssam, aktrisa Suğra Bağırzadə deyib.

“Əlbəttə ki, çox ürəyimcə bir film yaxud serial olarsa, mən qonorarı düşünmərəm. Yaşa dolduqca serialda çəkilmək mənim üçün daha da çətinləşir. Əlbəttə ki, yenə də hər şey rejissor yozumundan, senaridən asılıdır. Yaşım çox olsa da, özümü 50 yaşda hiss edirəm. Heç vaxt komik rollarda çəkilməmişəm. Mənim üçün ağlamaq daha asandır, nəinki heç nədə başlayasan gülməyə. Amma komik obraz təklifi gəlsə razılaraşam. Həm ürəyim açılar, həm də insanlar görər ki, biz də gülməyi bacarırıq”, – deyə aktrisa bildirib.
Suğra Bağırzadə “Güllələnmə təxirə salınır” filmindəki bəzi səhnələrinin sıradan çıxdığını da bildirib.

“Güllələnmə təxirə salınır” sponsor filmi idi. Bu filmi Ukraynada filmlərin lentlərini saxlayan yerdə çox saxlayıblar, orada da rütubət olmuşdu. Lentlərimizə göbələk xəstəliyi düşmüşdü. Bizim çox kadrlarımız məhv oldu. Sonradan onları düzəltmək mümkün olmadı. Bu gün də baxanda hiss olunur ki, həmin filmdə cızıqlar çoxdur. Mənim Fuad Poladovla çox gözəl səhnələrim olmuşdu. Heyfslənirəm ki, Fuad Poladovla olan bu səhnələrim lentdən silindi. Onunla filmləri bir dublyaj edirdim”, – deyə sənətkar bildirib.