Cümhuriyyətdən Xankəndiyədək: Azərbaycanda keçirilən hərbi paradlar…

Azərbaycan ordusu Xankəndidə keçiriləcək Zəfər paradına hazırlaşır. Artıq hazırlıq işləri, demək olar ki, yekunlaşıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

 

Parad sentyabr ayında baş tutan antitteror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam təmin etməsindən sonra keçirilir. 

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbayacan keçirilən hərbi paradlara nəzər salıb.

 

Cümhuriyyət dövründə

 

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Bakıda keçrilən ilk hərbi parad 1918-ci ilin sentyabrın 15-də baş tutub. Nuri Paşanın başçılığı altında Bakını azad etmiş Türk əsgərləri Azərbaycan ordusunun yeni yaradılan hissələri ilə birgə indiki “Qurd Qapısı” və “Qırmızı qum” (indiki Bakı Dövlət Universitetinin yerləşdiyi ərazi) adlanan yerdə hərbi parad nümayiş etdirdilər.

 

1919-cu il mayın 28-i Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə növbəti dəfə hərbi parad baş tutub. “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının birinci ildönümü münasibəti ilə Bakı qarnizonunun keçirəcəyi hərbi parad barədə məlumat dərc edilmişdi. Məlumatda hərbi paradın general Səməd Mehmandarov tərəfindən qəbul ediləcəyi bildirilirdi. Mehmandarov paradda gənc Azərbaycan ordusunun əsgərlərini salamlayaraq onları Vətənimizin müstəqilliyi günü münasibəti ilə təbrik etmişdi. 

 

Müstəqillik dövründə…

 

1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1992-ci il oktyabrın 9-da Azərbaycan Ordusunun yaranmasının bir illiyi münasibəti ilə Bakı şəhərində hərbi parad keçirildi. Paradı müdafiə naziri Rəhim Qazıyev qəbul edib, prezident Əbülfəz Elçibəy isə paradda çıxış edib. Hərbi paradda Milli Məclisin sədri İsa Qəmbər, Baş nazir Rəhim Hüseynov, daxili işlər naziri İsgəndər Həmidov və bir sıra yüksək rütbəli hərbçilər iştirak edirdi.

 

Paradda həmin vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan məhdud sayda hərbi texnika nümayiş olunurdu. Sonda helikopterlərdən paraşütlə atılan əsgərlər Azadlıq meydanına düşdülər.

 

2008-ci il paradı

 

2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ikinci hərbi parad keçirilib. İlham Əliyev əsgərləri salamlayıb, Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın Dövlət himnini ifa edib. Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söyləyib.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə keçirilən hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.

 

Silahlı Qüvvələrin 93-cü ildönümü…

 

2011-ci il iyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Paradda Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların başçıları, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər.

 

Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edirdi.

 

95 illik ordunun hərbi paradı

 

Bakıda növbəti hərbi parad 26 iyun 2013-cü ildə keçirilib. Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak edib.

 

Bir ildə 2 hərbi parad…

 

2018-ci ildə Bakıda iki hərbi parad keçirilib. Bunlardan biri iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə, ikincisi isə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr edilib. 

 

Sentyabrın 15-də keçirilən ikinci paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

Paradda Azərbaycan şairi Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın Qara dəniz” mahnısı səsləndirilib, daha sonra ölməz sənətkar Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları “Azadlıq” meydanına yayılıb.

 

Zəfər paradı

 

İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra 2020-ci ilin dekabr ayının 10-da Bakıda Zəfər paradı keçirilib. Paradda qonaq qismində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

 

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

 

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Mənbə

Share: