Dədə Süleymanın 30 illik arzusu – “Təəssüf ki, alınmadı…”

Ötən gün Əməkdar artist, xanəndə, el arasında Dədə Süleyman kimi tanınan Süleyman Abdullayev dünyasını dəyişib. 83 yaşlı Süleyman Abdullayev uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib.

 

Bir neçə gün öncə səhhəti pisləşən xanəndə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə özünəməxsus ifaçılıq üslubu ilə tanınıb.

 

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

 

Bəs, Dədə Süleyman xatirələrdə necə qalacaq?

 

Bu barədə mərhumun sənət yoldaşları danışıblar…

 

Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov Modern.az-a bildirib ki, Süleyman Abdullayevlə çox səmimi münasibəti olub:

 

 

“Dəfələrlə tədbirlərdə, toylarda bir yerdə olmuşuq. Vəfatından bir neçə gün öncə görüşdük, yaxşı olacağına inanırdıq. Xatirələrimdə daim böyük sənətkar, ustadım olaraq qalacaq. Dədə Süleyman xalqın qəlbində abidə ucaltmış bir sənətkar idi. Muğam sənətinə ağır itki üz verdi. Səsi muğama yaraşan barmaqla sayılan xanəndələrdən idi. Çox xoşbəxtik ki, bu sənətin sirrini onun kimi sənətkarlardan öyrənmişik. Xalqımıza və muğam sənətinə başsağlığı verirəm, Allah Dədə Süleymana rəhmət eləsin”.

 

Tanınmış tərzan, Xalq artisti Elçin Həşimov uşaqlıqdan Dədə Süleymanın səsi ilə böyüdüyünü söyləyib:

 

 

“Süleyman müəllimlə həmişə əlaqə saxlayırdım, hal-əhval tuturdum. Arzu etmişdik ki, bir yerdə Füzuliyə gedəcəyik. Mən də Füzulidən olduğuma görə həmişə deyirdi ki, elimin istedadlı oğlusan. Elə bir insan idi ki, harada yaxşı səs gördüsə, onun təbliğatı il məşğul olardı. Təmanna güdmürdü, yaxşı ifaçı tapanda sevinirdi. Süleyman müəllim səsi ilə alətlərin edə biləcəyi şeyləri edirdi. Özümüzə onunla toxdaqlıq veririk ki, ən azından yurdunun azad olunduğunu bildi. Füzuliyə gedə bilmədi, amma oranın suyundan içdi. Gedə bilməməyin səbəbi səhhəti ilə bağlı idi, düşünürdü ki, getsə, halı pisləşər. Təəssüf ki, Füzuliyə getmək alınmadı. Ustad Süleyman Abdullayevdən bu sənətin sirlərini öyrəndik, onu heç vaxt unutmayacağıq”.

 

Kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov sağlığında Dədə Süleymanla səmimi münasibəti olduğuna görə özünü xoşbəxt hiss etdiyini qeyd edib.

 

“Süleyman müəllim böyüklə böyük, uşaqla uşaq olan sənətkar idi. Hər birimiz onun səsi ilə böyümüşük. Allah mənə Süleyman müəllimlə eyni səhnəni paylaşmağı qismət etdi. Dəfələrlə tarzan dostum Elçin Həşimovla birgə ustadımızı konsertlərdə, el şənliklərində müşayiət etmişik. Süleyman müəllim yanında olan tar, kamança ifaçılarından ruhlanan sənətkar idi. O cür sənətkarları itirmək çox ağırdır, Dədə Süleyman oxuduğu ifaçılıq üslubu böyük bir məktəb idi”.  

Mənbə

Share: