Dəhşətli zəlzələ daha hansı fəsadlar yaradacaq?

“Türkiyədəki kimi dəhşətli zəlzələlərdən sonra digər fəlakətlər – sürüşmə, sel və daşqınlar, su hövzələrinin çəkilməsi, fırtına və s. riski artır”.

 

Bu sözləri Oxu.Az-a Türkiyənin bir çox vilayətlərində baş verən güclü zəlzələlərin səbəb ola biləcəyi təbii fəsadlar haqqında danışarkən coğrafiya elmləri doktoru Nəriman Paşayev deyib. O qeyd edib ki, xüsusilə Türkiyə dövlətinin yerləşdiyi bölgə kimi riskli ərazilərdə zəlzələ sonrası fəsadlar qaçılmazdır:

 

 

“Türkiyənin ərazisi dünya üzrə əsas tektonik bölgələrdən biridir. Belə tektonik fəallığı olan ərazilərdə xüsusi sınmalar, yer süxurlarının parçalanması baş verir. Zəlzələdən sonra isti-isti bu fəsadlar hiss edilmir. Amma dağıntıların örtmədiyi kənar hissələrdə, yollarda, açıq ərazilərdə çatlar, yarğanlar aydın görünür. Hətta ola bilər, zəlzələ ocağına yaxın hissələrdə dağların və təpələrin parçalanması mümkün olunsun”.

 

Türkiyədə Rixter şkalası üzrə ortalama 8-9 ballıq zəlzələlərə uyğun ərazilərin olduğunu vurğulayan Nəriman Paşayev qeyd edib ki, burada titrəyişlər hələ bir neçə ay davam edə bilər:

 

“Zəlzələ ocağı hələ yeni fəallaşıb və problem indi başlayır. Zəlzələ dalğasının, sınma və əyilmələrin hansı hissəyə doğru yayılacağını proqnozlaşdırmaq bundan sonranın işidir. Bununla əlaqədar seysmik stansiyalar, güman ki, ciddi araşdırmalar aparır”.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Əsrin fəlakəti adlandırılan zəlzələlərdə ölənlərin sayı 31 974 nəfərə çatıb.    

 

Mənbə

Share: