Dəstəmaz – İslam şəriətində ən mühüm əməllərdən biri sayılır. Dəstəmaz öz-özlüyündə müstəhəb (bəyənilən) əməldir, amma bəzi ibadətlərdən qabaq mütləq yerinə yetirilməlidir.
Milletinsesi.az islam.az-a istinadən bildirir ki, namaz qılan (cəfəri məzhəbində cənazə namazı istisnadır), həccdə Kəbənin ətrafında təvaf edən şəxsin dəstəmazlı olması lazımdır. Habelə, Quranın yazısına, müqəddəslərin adına toxunmaq üçün (şiə məzhəbinə görə), Quranın vacib səcdəsini icra etmək üçün (əhli-sünnə məzhəbinə görə) də dəstəmaz almaq vacibdir. Ümumiyyətlə isə hər bir mühüm əməldən əvvəl dəstəmaz almaq mstəhəb sayılır. Məsələn, Quran oxuyan, yatmağa hazırlaşan və eləcə də yuxudan qalxan, səfərə çıxan adamın dəstəmaz alması tövsiyə edilir. İslamın sağlamlıq və gigiyenaya verdiyi önəm kontekstində dəstəmaz həm də təmizlik vasitəsi kimi çox faydalıdır.
Dəstəmazın alınma qaydası, vacib və müstəhəb şərtləri barədə İslam məzhəblərinin görüşləri bir qədər fərqlidir. Bunları öyrənmək üçün elmihallara və risalələrə müraciət etməyi məsləhət görürük.
Dəstəmazı batil edən əməllərə gəlincə, bütün İslam məzhəblərində deyilir ki, bədəndən sidik, nəcasət və yel çıxması, ayıqlığın itirilməsi (dərin yuxu, huşu itirmək, sərxoşluq və psixi tutma hallarında) dəstəmazı pozar. Bundan əlavə, şiə (cəfəri) məzhəbinə görə, bədəndən sperma çıxması, cinsi əlaqədə olmaq da dəstəmazı batil edər. Əhli-sünnənin dörd məzhəbində isə fərqli görüşlərə görə, bədəndən irin və buna oxşar maye çıxması, cinsiyyət üzvündən sperma və sidik sayılmayan maye gəlməsi, kişi ilə qadının bədəninin təmasda olması (yəni toxunmaq), kişinin öz cinsiyyət üzvünə toxunması, ağız dolusu qusmaq, namazda qəhqəhə ilə gülmək və hətta dəvə əti yemək də dəstəmazı batil edən əməllər sırasında qeyd olunur. (Bir daha qeyd edirik ki, əhli-sünnə məzhəblərinin özündə də dəstəmazı pozan əməllər barədə fikir ayrılıqları var; yuxarıda sadalanan əməllər dörd məzhəbdən bəzisində dəstəmazı pozur, bəzisində isə pozmur).
Dəstəmaz zamanı yadda saxlayınDəstəmazın alınma qaydaları barədə bəzi sualların oxucular tərəfindən tez-tez verildiyini nəzərə alaraq, onlara qısa şəkildə aydınlıq gətirməyi lazım bilirik:
Birincisi, dəstəmaz zamanı sifəti və qolları bir dəfə yumaq vacibdir, iki dəfə yumaq icazəlidir, üç dəfə və daha çox yumaq isə haramdır. Bu zaman əsas şərt niyyətdir. Yəni insan bir dəfə yumaq niyyətilə sifətini 3 ovuc su ilə də yusa, bir dəfə sayılacaq.
İkincisi, başa və ayaqlara məsh çəkərkən əlləri islatmaq olmaz; əks halda dəstəmaz batil olur (cəfəri məzhəbinə görə). Sol qolu yuduqdan sonra əlləri islatmadan, ovucda qalan su ilə əvvəlcə başa, daha sonra ayaqlara məsh çəkilir. Məsh çəkməzdən əvvəl həmin üzvlərin (başın və ayaqların üzünün) quru olması lazımdır. Əks halda, ovucdakı nəmlik başın (və ya ayaqların) nəmliyi ilə qarışacaq və məsh, kənardan götürülən su ilə çəkilmiş sayılacaq. İstisna hallarda qolları yuyandan sonra ovucda nəmlik qalmasa (məsələn, hava o qədər istidir ki, ovuclar tez quruyur), bu halda icazə verilir ki, adam əllərini saqqalına sürtüb, onun nəmliyi ilə islatsın. Əgər saqqalda da nəmlik qalmamışsa (və ya adamın saqqalı yoxdursa), ovcunu dirsəkdən aşağı qollarına sürtüb islatsın və başına (ayaqlarına) məsh çəksin. Bəzən şiə (cəfəri) məzhəbinə mənsub olanlar ayaqları tərlədiyinə görə, əvvəlcə ayaqlarını yuyur, sonra məsh çəkirlər. Amma bu halda dəstəmazdan əvvəl ayaqları yumaq, qurutmaq, sonra dəstəmaza başlamaq lazımdır.
Üçüncüsü, dəstəmazdan qabaq fikir vermək lazımdır ki, yuyulan və məsh çəkilən bədən üzvlərinin üzərində onların su ilə islanmasına mane olan vasitə qalmasın; əks halda dəstəmaz batil sayılır. Məsələn, qolbaq, üzük kimi bəzək vasitələri dəstəmazdan qabaq ya çıxarılmalı, ya da yuyulan zaman tərpədilməlidir ki, su onların altına keçsin və dərini islatsın. Əl və ayaq dırnaqlarına çəkilən boya (lak) dəstəmazdan qabaq mütləq silinməlidr. Çünki boya dırnağın su ilə islanmasına mane olur. Həmçinin, dəstəmaz üzvlərinin üzərində olan rəng, mürəkkəb ləkəsi, sifətdəki krem, ənlik, dodaq boyası və sairə də mütləq silinib təmizlənməlidir. Amma saç boyası, həna dəstəmaza mane olmaz. Çünki bunlar dəriyə və ya tükə tam hopur, əl sürtməklə hiss edilməyəcək dərəcədə nazik qat əmələ gətirir.