Daha 4 rayonda şəhid ailələri və əlillərə ev verildi

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dəfə Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında yeni inşa olunmuş 22 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Bu barədə Milletinsesi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Zərdabın Çallı kəndində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, son bir ay ərzində Silahlı Qüvvələrimizin böyük Qələbələr əldə etməsi, qısa müddətdə artıq bir sıra yurd yerlərimizin işğaldan azad edilməsi Ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirir. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağı qaldırılır və bu, bütün xalqımızda sonsuz qürur hissləri oyadır.

Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin, bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi də daim dövlətin diqqətindədir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən 22 fərdi ev (o cümlədən Zərdabda 7, İmişlidə 4, Kürdəmirdə 7, Göyçayda 4 ev) də daxil olmaqla, onlardan artıq 710 mənzil və fərdi ev artıq verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8 298 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Çıxış edən şəhid ailələri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, bu gün isə fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.

 

Share: