Daha 4 siyasi partiya seçkiyə qatıldı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib.

Milletinsesi.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

Əvvəlcə komissiyanın 20 dekabr tarixli iclas protokolu təsdiqlənib. Daha sonra 4 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə nümayəndələrinin qeydə alınmasına dair məsələyə baxılıb.

Bu məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. A.Muxtarova 4 siyasi partiyanın səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə nümayəndə qeydə alaraq müzakirə üçün MSK-ya təqdim etdiyini bildirib. Beləliklə, iclasda Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda o da bildirilib ki, Milli Məclisin deputatı Asim Mollazadənin rəhbərlik etdiyi bu siyasi təşkilatın adı dəyişdirilib. Belə ki, əvvəllər tam adı Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası olan partiya 8 dekabr tarixli qurultayında adını dəyişdirərək Demokratik İslahatlar Partiyası edib. Bununla da seçkiyə qatılmasını rəsmiləşdirən siyasi partiyaların sayı 19-a çatıb.

Share: