Damcılı düşərgəsində Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatları davam etdirilir

Damcılı düşərgəsində Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatları davam etdirilir

2023-ci ilin 14 avqust tarixindən etibatən Professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər (Dr. Hiroto Nakata, Fumika Ikeyama) və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı mütəxəsislər (elmi işçilər Ülviyyə Səfərova və Orxan Zamanov) tərəfindən Damcılı mağarasında birgə tədqiqatlar davam etdirilir. 

 

Moderator.az xəbər verir ki, tədqiqatlara “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da cəlb olunub. 

 

Qeyd edək ki, 2015-ci ildə AMEA Arxeologiya,  Etnoqrafiya  və Antropologiya İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Yaponiya – Azərbaycan birgə beynəlxalq ekspedisiya təşkil olunub. 

 

Xatırladaq ki, Damcılı mağarası 1953-cü ildə S.N.Zamyatnin və M.M.Hüseynov tərəfindən qeydə alınıb və elə o zaman ilkin tədqiqatlar aparılıb. Bununla da, ölkəmizdə paleolit dövrünün öyrənilməsinin əsası qoyulub. 1956-1957-ci illərdə Damcılı mağarasında arxeoloji qazıntılar M.M.Hüseynovun rəhbərliyi ilə davam etdirilib. Nəticədə ərazidəki bulağa yaxın sahədə, mədəni təbəqədən neolit, mezolit, üst və orta paleolit dövrlərinə aid 7 mindən artıq müxtəlif növ daşlardan hazırlanmış alətlər və texniki tullantılar, eləcə də, fauna qalıqaları aşkar olunub. Lakin mədəni təbəqələrin qarışıq olması abidənin stratiqrafiyasını müəyyən etməyə imkan vermirdi.

 

2016-2019-cu və 2022-ci illərdə aparılmış tədqiqatların başlıca məqsədləri Cənubi Qafqaz regionun Orta Kür hövzəsində mezolitdən neolitə keçidin tədqiqi ilə yanaşı mezolit və paleolit ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etməkdən ibarət olub. Bərpa edilmiş arxeoloji tədqiqatların əsas nailiyyətlərindən biri abidənin yeni seçilmiş qazıntı sahəsində mədəni təbəqələrin qarışıq olmamış vəziyyətdə aşkar olması idi. Tədqiq olunan mədəni təbəqələr geniş bir dövrü əhatə edir (eramızdan əvvəl VII minilliyin ortasından XVII əsrin sonuna qədər). Bu səbəbdən abidəyə olan elmi maraq tamamilə özünü doğrultdu. Bütün tədqiqatlar müasir dövrdə tətbiq olunan multidisiplinar əsaslarla aparılıb. Mədəni təbəqələrin mütləq yaşları radiokarbon və OSL analizləri əsasında müəyyən edilib. 

 

Tədqiqatlar nəticəsində 4 minə yaxın daş və saxsıdan olan arxeoloji nümunə aşkar olunub. Daş məmulatı çoxluq təşkil edir (~81%) ki, onlar da obsidian (1809 ədəd), çaxmaqdaşı (1029 ədəd), qaya daşı (423 ədəd), çaydaşından (118 ədəd) hazırlanıb. Keramika qalıqlarının (804 ədəd) əsas hissəsi üst mədəni təbəqələrdən aşkar olunub. Neolit dövrü keramika fraqmentləri əsasən kiçik parçalardan ibarətdir.

 

Eyni zamanda müxtəlif heyvanlara məxsus minlərlə sümük qalıqları aşkarlanıb ki, onlardan Cənubi Qafqaz ərazisində nadir tapıntılardan olan mezolit təbəqəsindən aşkar olunan bəbirə (lat. Panthera pardus) məxsus cənə fraqmenti qeyd oluna bilər.  

 

Mezolit dövrünə aid, sümükdən hazırlanmış başqa bir nadir tapıntı isə bəzək aşyasıdır.

Mənbə

Share: