Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Azərbaycanla danışıqlar masası üzərində hələ heç bir sülh sənədi yoxdur.
Modern.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında A.Simonyan deyib ki, sülhə dair yüzlərlə təklif və rəy olsa da, ortada real sənəd yoxdur.
Simonyanın sözlərinə görə, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti elan olunmamış son tarixdir, hər iki tərəf bunu istəyir.
Spiker ilin sonuna qədər Azərbaycanla sazişin imzalanacağı ilə bağlı sualı cavablandırarkən deyib:
“Bu, bir növ açıqlanmayan son tarixdir, deyə bilərik ki, hər iki tərəfin bununla bağlı arzuları var. Mən də istəyirəm ki, biz tezliklə sülh müqaviləsi imzalayaq. Bir daha deyirəm, Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometr ərazisi bizim üçün heç vaxt müzakirə mövzusu ola bilməz. Və sülh sazişi, fikrimcə, mümkün qədər tez imzalanmalıdır”.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bu ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər.