Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə İlqar Əliyev ifadə verib. O, Tariyel Qurbanovu şantaj etmədiklərini deyib:
“Qardaşım Ümman dəfələrlə polisə düşüb, Tariyel müəllim ona kömək edib, hər dəfə zəng vuraraq Ümmanı buraxdırıb. Mən kənddə, qardaşımsa Bakıda yaşayıb. Tariyel müəllimi şantaj etməmişəm, heç nədən də xəbərim yoxdur. Tariyel müəllimdən nə qədər pul aldıqlarını da bilmirəm. Mənə kəndə pul göndəriblər, mən də gedib bankomatdan çıxartmışam. Şantajla əldə olunduğunu bilməmişəm, indi də bilmirəm. Pulu kəndə göndəriblər, mən də bankomatdan götürmüşəm. Həmin 2 min manat pulu da mənə maşın almaq üçün göndəriblər”.
O da digər təqsirləndirilən şəxslər kimi prokurora qarşı dələduzluq törətməkdə, həmçinin, hamam görüntüləriylə şantaj edərək pul almaqda ittiham olunur.
Məhkəmə qarşısında 7 nəfərdən ibarət dəstə üzvləri dayanıb: İlqar Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədova. Hazırda proses təqsirləndirilən şəxslərin ifadələri ilə davam edir. Təqsirləndirilən şəxs İlqar Əliyev ifadəsinə davam edərək deyib ki, o, Tariyel Qurbanovu cəmi bir dəfə görüb: “Mənə xəbərdarlıq elədi, dedi, qardaşına tapşır, bir də məni narahat eləməsin. Mən də onun dediklərini qardaşıma çatdırdım. Başqa heç nədən xəbərim olmayıb”.
Digər təqsirləndirilən Natiq Nuriyev də ifadə verib. Ona qarşı irəli sürülmüş ittihama görə, o, Tariyel Qurbanovdan ayrı-ayrı vaxtlarda olmaqla, toplam 29 min manat alıb. Ancaq Natiq Nuriyev ittihamı qəbul etməyib: “Mənə Ümman 8 min manat verib. Ümmanın adına 15 min manat pul köçürülməsindən xəbərim olmayıb. Ümmangilin ailəsində problem var idi, qardaşı xəstə idi. Pulu Tariyel müəllimdən alırdı. Deyirdi ki, guya telefonunda hansıs şəkil var. Ancaq şəkil-filan olmayıb. Sahilə isə (digər təqsirləndirilən şəxs Sahilə Məmmədova nəzərdə tutulur) mənim həm qonşum, həm də qohumumdur. Tariyel müəllimə zəng vurub, ondan 1800 manat almışdı. Uşağı xəstə idi, çətinliyi var idi. Orada yazılıb ki, guya aldığı pulu mənimlə bölüşdürüb, yalandır, mənə pul verməyib.
Hakim:
– İbtidai istintaqa verdiyiniz ifadəni oxumuşdunuz?
Təqsirləndirlən şəxs:
– Yox, müstəntiq oxumağa imkan vermədi, mənə təzyiq göstərirdi, mən ifadəni oxumadan imzalamışam.
Hakim:
– Tariyel Qurbanova zəng etməyi Sahilə Məmmədovaya siz təklif etmisiniz?
Təqsirləndirilən şəxs:
– Ümman mənim yanımda Tariyel Qurbanova mesaj yazıb pul istəyəndə mən də Tariyel Qurbanovun nömrəsini özümdə qeyd eləmişdim. Sonralar nömrəni Sahiləyə verdim, dedim, zəng vur, de ki, səndə onun hamam şəkilləri var, pul istə. Ancaq bizdə Tariyel müəllimin heç bir şəkli olmayıb”.
Təqsirləndirilən şəxs sorğu-sual olunandan sonra hakim növbəti məhkəmə iclasını noyabrın 11-nə təyin edib.
Qeyd edək ki, dəstənin başçısı hesab olunan və ötən məhkəmə iclasında ifadə verən Ümman Əliyev bildirmişdi ki, Tariyel Qurbanovdan qardaşının müalicəsi və son vaxtlar özünün işsiz qalması ilə əlaqədar 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralınadək bir neçə dəfə pul alıb. Aldığı pulun məbləği yadında qalmayıb. Pulun istənilməsində və almasında heç kimlə əlbir olmayıb. Əvvəllər hamamda işlədiyini bilən müstəntiq ona təzyiq göstərərək, “yaz ki, Tariyeli hamam şəkilləriylə şantaj edirdim” deyib, o da yazıb.
Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Prokuror bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.
Cinayət işi üzrə Tariyel Qurbanovdan başqa Mirvasif Mahmudov ad-soyadlı şəxs də zərərçəkmiş kimi tanınıb.
“Yeni Müsavat”