Bu günlər depressiya ən çox yayılmış ruhi xəstəlikdir ki, hər bir yaşda olan insanda müşahidə olunur. Bu xəstəlik insanların həyatına mənfi təsirlərini qoyur.
İştahasızlıq, yorğunluq hissi, qəmginlik, ümidsizlik – depressiyanın nişanələrindəndir.
Depressiyanı müalicə etməyin ən təsirli yollarından biri – dua və münacatdır. İslam dininin nəzərinə görə, depressiyanın yaranmasının əsil səbəbi – insanın mənəviyyatdan uzaq olması, istəklərində ifrat və təfritə malik olmasındadır.
O kəs ki, Allahı unudar – özünü də unutmuş olar. Nəticədə imanından uzaqlaşar, Allahla rabitəsini kəsər, yanlış düşüncələrə malik olar.
Depressiyanı müalicə etmək üçün insan özünü tanımalıdır, Allahı tanımalıdır, Allahın qayda-qanunlarını tanımalıdır.
Dua və münacat da o amillərdəndir ki, bu xəstəliyin müalicəsində müsbət rola malikdir. Həyatın mənasını və hədəfini tanımaq, Allaha ehtiyac duymaq, Allahın yardımına ümidvar olmaq – bunlar o amillərdir ki, depressiya xəstəliyinin müalicəsində təsirli əhəmiyyətə malikdir.
Hədislərimiz depressiyanı qəm adlandırıblar. Dua və davamlı olaraq mənəvi təmrinlər bu xəstəliyin yaxşılaşmasına səbəb olar. Allahla rabitə qurmaq – insanın ali hədəflərə malik olmasına gətirib çıxardar.
Dua və mənəviyyat ruhun və ruhi sağlamlığın təmin olmasına yardım edər. İnsan çətin vəziyyətə düşən zaman, mənəviyyat xüsusilə onun əlindən tutan dayağa çevrilər.
Depressiya ilə bağlı buyuruşlara diqqət edək.
Allahın Peyğəmbəri (s) buyurub: “Allah, gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dünyadan köçməz.
Allah, gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar. O, bu dünyada öz qismətindən artıq bir şey əldə etməz”.
Həzrət İsa Məsih (ə) buyurub: “Çox qəmli olanın bədəni xəstə olar”.
İmam Əli (ə) buyurub: “Qəm-kədər qocalığın yarısıdır”.
Rəsuli-Əkrəm (s) buyurub: “Allah öz hikmət və lütfünə əsasən rahatlığı və şadlığı yəqinlik və razılıqda, qəm-qüssəni şəkdə və (Allahdan) narazı olmaqda qərar verdi”.
İmam Əli (ə) buyurub: “Dözümsüzlük edib fəryad qoparmaqdan çəkin. Çünki, o, ümidi kəsər, işi zəiflədər və qəm-qüssə gətirər.
Bil ki, iki çıxış yolu var: ya çətinliyin çarəsi var və onun çarəsini tapmaq lazımdır, ya da ki, çarəsi yoxdur və onda da, səbir etmək lazımdır”.
İmam Sadiq (ə): “Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur”.
Peyğəmbəri-Əkrəm (s) buyurub: “”Lə həulə və lə quvvətə illə billəh” cümləsi doxsan doqquz dərdə şəfadır ki, onların ən sadəsi – qəm-qüssədir”.
İbni Abbas nəql edib: “Allahın Rəsulunun (s) sözündən sonra, heç bir sözdən Əli ibn Əbutalibin (ə) mənə yazdığı məktub qədər bəhrələnmədim. O, mənə yazmışdı: (Allaha həmd etdikdən sonra buyurdu) “İnsan, çata bilmədiyi bir şeyə çatmadığına görə qəmlənir və çatması mümkün olmayan bir şeyə çatdığına görə sevinir.
Öz axirətindən bir şeyə çatanda şad ol və öz axirətindən bir şeyi əldən verməyinə qəmlən. Öz dünyandan bir şeyə yetişəndə sevinmə və ondan bir şeyi itirməyinə kədərlənmə.
Öz qəm-qüssəndən, ölümdən sonra üçün istifadə et. Vəssəlam””.
Milli.Az