Deputat bu tələbələrlə bağlı Baş nazirə müraciət etdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycandan olan tələbələrin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova müraciət edib.

Milletinsesi.az xəbər verir ki, müraciətdə millət vəkili Güney Azərbaycandan olan tələbələrin Azərbaycan Respublikasında ali təhsil almasının əhəmiyyətinə diqqət ayıraraq, dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsilin yalnız Azərbaycan Respublakasında mövcudluğunu bildirib:

“Güney Azərbaycandan olan gənclərimiz ali təhsil almaq üçün Azərbaycana üz tutur. Onların Azərbaycan univetsitetlərində təhsil alması sadəcə öyrənmək məqsədi daşımır, həm də mədəniyyətimizi qorumaq üçündür. Nəzərə alsaq ki, Güney azərbaycanlılar yaşadıqları ölkədə öz dil, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil ala bilmirlər, buna imkanları yoxdur, bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olur”.

Sabir Rüstəmxanlı Güney azərbaycanlı tələbələr üçün ali təhsil şərtlərinə güzəşt edilməsinin vacibliyini bildirib:

“Son illərdə Azərbaycan universitetlərində təhsil alan güneyli tələbələrin bir çoxu təhsillərini yarımçıq qoyaraq geri dönürlər. Bunun da səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyərdən düşməsi nəticısində təhsil haqlarını ödəyə bilməmələridir. Azərbaycan Respubkilasında təhsil alan güneyli tələbələrin problemlərinə dövlət səviyyəsində diqqət göstərilməli və onlar təhsil haqlarından azad edilməlidirlər. Bu xalqımızın gələcəyi ilə bağlı çox böyük milli məsələdir və bu işə dövlətimizin dəstəyi bizim tarixi borcumuzdur”.

 

Share: