Deputat Cavanşir Feyziyev Təpəcənnət, Colaqlı, Kəhrizoba və Göybulaq kəndlərini əhatə edən Cəfərabad icra nümayəndəliyi ərazisində seçiciləri ilə görüşüb.
Görüşdə qaldırılan məsələlərdən aydın oldu ki, bu ərazidə yaşayan seçicilərin problemləri heç də ucqar kəndlərdə olan problemlərdən az deyil. Vaxtı ilə bu kəndlərə həyat verən Dəhnə çayının suyu azaldığından, eyni zamanda sovet dövründə istifadəyə verilmiş artezianlar sıradan çıxdığından ərazidə həm içməli və həm də tarla suyunun qıtlığı yaşanır. Əkin sahələrində meliorasiya tədbirləri həyata keçirilmədiyindən məhsuldarlıq aşağı olur ki, bu da kənd adamlarının güzarana mənfi təsir edir.
Çıxışlarda həmçinin 660 yerlik Cəfərabad məktəbinin, uşaq baxçasının əsaslı təmirə ehtiyacı olduğu diqqətə çatdırıldı. Bildirildi ki, ərazidə yerləşən peşə məktəbinin istilik sistemi işləmir, üst örtüyü həddindən artıq köhnəlib. Yüksək dağ kəndi olan Təpəcənnətdə içməli su olmadığından kənd əhalisi düzən əraziyə köçmək məcburiyyəti ilə üz-üzə qalıb.
Bu görüşdə təmsil olunan kəndlərin heç birində bankomat və ödəniş terminalı olmadığından sakinlər maaş və pensiya kartlarından istifadə etmək üçün şəhərə getmək məcburiyyətində qalır. Kənd Bələdiyyəsinin fəaliyyəti zəif olduğundan az təminatlı ailələr, qazilər bələdiyyə torpaqlarından yararlanmaq imkanından kənarda qalıblar və sair.
Kənd ictimaiyyəti nümayəndələrinin, ağsaqqallar, qazilər və şəhid ailələrinin iştirakı ilə keçirilən bu görüşdə bu kimi məsələlər geniş və ətraflı müzakirə olundu. Sakinlər bir sıra məsələlərin həlli ilə əlaqədar deputata suallar verdilər və ondan kömək istədilər.
Millət vəkili dövlətimizin apardığı məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmizin 30 illik müharibəni qələbə ilə başa çatdırdığını, Vətən torpaqlarının düşmən taptağından azad olunduğunu, dövlət başçısının ətrafında sıx birləşməklə qaldırılan problemlərin də tezliklə aradan qaldırılacağını əminliklə diqqətə çatdırdı. Deputat bu problemləri həll etmək üçün ilk növbədə kənd bələdiyyəsinin fəaliyyətini canlandırmağı tövsiyyə etdi, görüşdə qaldırılan problemin həlli ilə bağlı müvafiq yerli və mərkəzi icra qurumları ilə məsləhətləşmələr aparacağını və qısa müddət ərzində nəticələr barədə kənd ictimaiyyətinə ətraflı məlumat veriləcəyini bildirdi.
Görüş iştirakçıları dövlətimizin apardığı siyasəti müdafiə etdiklərini və deputatla görüşdən razı qaldıqlarını bildirdilər.