Deputat Tovuzda sakinlərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib və onların həlli istiqamətində müzakirələr aparıb.

Milletinsesi.az xəbər verir ki, sakinlərlə görüş keçirən deputat Ramazan bayramı münasibətilə görüş iştirakçılarını təbrik edib, dualarının qəbul olunmasını diləyib. Millət vəkili sakinlərin müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Müəyyən xəstəliklərdən əziyyət çəkənlərlə də görüşən millət vəkili onların müalicələri ilə də maraqlanıb, bəzilərinin daha yüksək səviyyədə müalicə alması, əməliyyat olunması üçün Bakıda və Tovuzda xəstəxanalara müraciət edib. Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən deputat belə vətəndaşların müalicəsinin və əməliyyatının aparılmasına dəstək olub.

Q.Paşayeva həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Bir sıra sakinlər görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərilməsi üçün millət vəkilindən kömək istəyib.

Görüşdə bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı söhbətlər, müzakirələr aparılıb. Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Qovlar şəhərində aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə Qovlarda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib.

O bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət nəticəsini verəcək. Millət vəkili vətəndaşlara onların problemlərinin həllində qanun-qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.

Əlavə edib ki, sakinləri narahat edən məsələləri yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcək və həllinə çalışacaq.

 

Share: