
15 sentyabr tarixi ölkənin bütün məktəblərində Bilik günü kimi qeyd edilir. İnfrastrukturu yenilənən, bərpa olunan işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də yeni dərs ilinin ilk zəngi çalınıb.
Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı məktəb, o cümlədən Laçındakı 2 saylı məktəb ilk şagirdlərini qəbul edib. Elm və təhsil naziri Emin Əmrullayev də yeni dərs ilini işğaldan azad olunmuş bölgəldə qarşılayıb.
“Füzulidə hazırda 160-a yaxın şagirdimiz var. Amma, bu say hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə növbəti köç prosesi olub. Yəqin ki, bu tədris ili çərçivəsində şagirdlərin sayı 400-ə çatacaq.
Eyni zamanda, Laçın şəhərində də bizim 140-a yaxın şagirdimiz var. Orda da artım gözləyirik. O cümlədən, Zabux qəsəbəsində də 100-dən artıq şagirdin bu tədris ilinin sonuna qədər təhsilə qoşulacağına inanırıq.
Zəngilanın Ağalı kəndində də məktəbin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird vardısa, artıq Ağalıda 120 şagirdlə bu tədris ilinə start verilib. Eyni zamanda, Talış kəndində də məktəbimizdə təhsil davam edir”, – nazir qeyd edib.
Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov Modern.az-a Şuşa məktəblərindəki Bilik günündən danışıb:
“31 ildən sonra Qarabağda bu əlamətdar hadisə baş verdi. Təbii ki, qürur duyulası, sevindirici haldır. Bu gün Şuşa məktəblərində də Bilik günü qeyd olunur. Elə mən də o məktəblərdən birindəyəm. Ab-hava çox yüksək səviyyədədir. Bütun uşaqlar, valideynlər, müəlimlər arzu edirlər ki, gələn ilki Bilik gününü hər kəs Şuşada, öz dogma yurd-yuvasında qarşılasın”.
Milli Məclisin digər qarabağlı deputatı Aqil Abbas da işğaldan azad edilmiş ərazilərdə keçirilən Bilik gününün sevincini yaşayıb:
“Çox sevinirəm ki, bu günləri də gördük. İşğaldan azad olunmuş ərzailərdə məktəblər fəaliyyətə başladı. Həm Laçında, həm Tərtərin Talış kəndində, həm də Füzulidə də. Füzuli böyük bir şəhərdir. Ora sakinlərin qayıtması, çox vacibdir. Ermənilər oturuşmuş Füzulini görəndən sonra Qarabağda qalmayacaqlar. Bu hadisəni çox yüksək qiymətləndirirəm, şagird və müəllimlərə uğurlar arzu edirəm. Belə “ilk zəng”lərin sayı çoxalsın”.