2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Həmin tarixi gündən artıq iki il keçir. 2020-ci ilin bu günü hamı həyəcanla cəbhədə nələrin baş verdiyini, hansı xəbərlərin gələcəyini gözləyirdi…
Bəs, Milli Məclisin deputatları o günləri necə xatırlayır? Geridə qalan 2 il ərzində nələr qazandıq?
Deputat Könül Nurullayeva Modern.az-a bildirib ki, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması hər zaman prioritet olub:
“İkili standartlar siyasəti, dünyada mövcud olan ədalət böhranı işğalçını həvəsləndirsə də, qüvvələr nisbəti hər zaman Azərbaycanın xeyrinə olub. Azərbaycan bu illər ərzində münaqişənin diplomatik yolla həlli istiqamətində əlindən gələni edib. Lakin Ermənistan öz havadarlarına arxalanaraq, bölgədə “status-kvo” vəziyyətinin saxlanmasına çalışıb. O vaxtkı təmas xəttində törədilən çoxsaylı təxribatlar da diplomatik imkanların tükəndiyini təsdiqləyir, münaqişənin hərbi yolla həllini daha da yaxınlaşdırırdı.
İki il əvvəl – 2020-ci il sentyabrın 27-də də Ermənistanın atəşkəsi kobud şəkildə pozması münaqişənin hərbi fazaya keçməsinə zəmin yaratdı. Azərbaycan öz suveren hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. Beləliklə, 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi 44 gün ərzində işğaldan azad olundu. Bu qələbə ilə bölgədə yeni inkişaf dövrü başlayıb və bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqlar regionun rifahı üçün əlavə stimuldur. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranıb. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Böyük əhəmiyyətə malik olan Zəngəzur dəhlizi isə yeni nəqliyyat infrastrukturu kimi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Bütün bu uğurların müəllifi isə Azərbaycandır.
Bu gün Azərbaycan bölgədə yeni reallıq yaratmaqla yanaşı, həm də bölgənin gündəmini özü müəyyən edir. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr bütün tərəfdaşlar tərəfindən təqdir olunur. Çünki bu addımların hər biri bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcək”.
Deputat qeyd edib ki, Azərbaycan müharibə başa çatdıqdan dərhal sonra Ermənistana sülh təklif edib. Könül Nurullayevanın fikrincə, bu gün faktiki bölgədə dayanıqlı sülh, inteqrasiya və əməkdaşlıq üçün tarixi şans yaranıb:
“İkinci Qarabağ müharibəsindən sonra formalaşmış bu reallığın inkişafı üçün bütün tərəflərdən, xüsusilə də Ermənistandan konstruktivlik tələb olunur. Burada vaxt uzatmaq nəticə verməyəcək. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nə isə onların xeyrinə dəyişəcək, səhv edirlər. Nə isə dəyişə bilər, amma bizim xeyrimizə. Ermənistan sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərini yerinə yetirməlidir. Hər hansı təxribat planlaşdırılırsa, onun ağır və sərt cavabı olacaq. Ermənistan tərəfi bunu yaxşı dərk edir. Bir sözlə, post-münaqişə dövründə də qüvvələr nisbəti Azərbaycanın xeyrinədir.
Azərbaycan 44 günlük Vətən müharibəsində yaranmış reallığı əməkdaşlıq platformasının formalaşmasına yönəltməklə nümunə sərgiləyir. Ermənistan da daxil olmaqla, bütün bölgə dövlətləri regionun inkişafında yaxından iştirak edə bilər. Yəni, Azərbaycanın böyük Qələbəsi bütövlükdə regionun inkişafına hesablanmış bir reallıqdır. Bu proses regiona sülh, xalqlara isə rifah bəxş edəcək”.
Deputat Naqif Həmzəyev deyib ki, müharibənin başladığı 27 sentyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gündür:
“44 günlük Vətən müharibəsində qələbəyə gedən gün məhz bu tarixdən başladı. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu, əks-həmlə əməliyyatına başladı və düşmənin təxribatının qarşısını aldı. Bununla kifayətlənmədik, işğal altında olan torpaqlarımızı azad etmək üçün döyüşə başladıq. Hər bir azərbaycanlı çox sevinirdi və həyəcanlı idi, ordu sıralarına yazılaraq, döyüş meydanına getmək, bu müqəddəs savaşda öz gücünü ortaya qoymaq istəyirdi.
2020-ci il sentyabrın 27-də müharibənin başlandığı xəbərini alanda, mən də düşündüm ki, necə kömək edə bilərəm. Qərara gəldik ki, qan bankına yaxınlaşaq, bir çox könüllü və gənclərlə, həmkarlarımızla birlikdə qanvermə aksiyası başlatdıq. Qısa müddətdə şəhərin mərkəzində qanvermə aksiyasına başladıq. Həmin vaxt qana ehtiyac yox idi, amma biz düşünürdük ki, müharibə uzun çəkə bilər və yaralılarımızın qana ehtiyacı ola bilər”.
Müharibənin növbəti günlərində torpaqlarımızın işğaldan azad olunduğu xəbərlərinin gəldiyini xatırladan deputat qeyd edib ki, bununla bərabər təəssüf ki, şəhidlərimizin olduğu haqqında məlumatlar da çatdırılırdı:
“Bir gözümüz torpaqlarımızın azad olunduğuna sevindiyi halda gələn şəhid xəbərləri üzücü idi. Həmin günlərdə Gəncə şəhərində şəhidlərimizi dəfn etdik.
Biz Vətən müharibəsindəki Zəfərimizlə Xocalı faciəsinin, bunun kimi soyqırımlarının, şəhidlərimizin, erməni təcavüzünə məruz qalan dinc əhalinin qisasını aldıq, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdik.
Azərbaycan xalqı bir daha sübut etdi ki, mərddir, dönməzdir. Biz 30 ilə yaxın beynəlxalq təşkilatların laqeydliyinin, BMT-nin yerinə yetirilməyən qətnamələrinin, Azərbaycana qarşı edilən haqsızlıqların qisasını aldıq, haqqımızı bərpa etdik”.
Deputat Razi Nurullayev isə düşünür ki, Qarabağ zəfəri Azərbaycanın və regionun həyatında çox məsələləri dəyişdi. Artıq Azərbaycana həm regionda, həm dünyada daha fərqli, müsbət münasibət var:
“Çünki biz həm ordumuzun, həm də ölkəmizin gücünü göstərə bildik. Azərbaycan xalqı başını uca tutub gəzir. Ən önəmlisi, ərazilərimizi işğaldan azad etmişik, ərazi bütövlüyümüzü, demək olar, təmin etmişik. Ən qürurlu faktlardan biri budur ki, 30 ildə həmişə Qarabağ işğal olunub, ermənilər torpaqlarımızı tapdalayır, “Şuşanı və Qarabağı, inşallah, azad görərik”, deyib, dua edirdik. İndi bu arzularımız çindir. İndi Ermənistan mətbuatı deyir ki, guya Azərbaycan erməniləri qaçqın edib, didərgin salıb və s. Bu fikirlər təbii ki, bizim üçün xoşdur, amma ermənilər yalan danışır. Azərbaycan ordusu bu gün İrəvana qədər gedib çıxa bilər. Çünki Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur. Azərbaycan Ermənistanın torpaqlarına girə bilər və tarixi sərhədlərini bərpa edə bilər. Delimitasiya və demarkasiyaya razılaşmayan Ermənistan hər şeyə hazır olmalıdır”.
Deputat Qarabağa qayıtmaq arzusu ilə yaşayan Azərbaycan xalqının artıq Göyçə və Zəngəzura qayıtmağı arzu etdiyini vurğulayıb:
“Qərbi Azərbaycana Qayıdış Hərəkatı var idi. Bu, indi Qərbi Azərbaycan İcması adlanır. Qarabağ İcması artıq yoxdur, çünki münaqişə yoxdur. Ümid edirəm ki, biz yaxınlarda Qərbi Azərbaycanla bağlı çox yaxşı hadisələrə şahid olacağıq. İndi artıq mübarizəmiz Zəngəzur və Göyçədən qovulmuş, didərgin salınmış qaçqınlarımızın öz torpaqlarına qaytarılmasıdır. Bu, regionda yeni geosiyasi reallıq yaratmağa qadirdir. Ermənistan Qərbi azərbaycanlıların öz yurd-yuvalarına getməsinə imkan verməlidir. Buna razılaşmayacaqlarsa, Azərbaycan ermənilərin başa düşdüyü tərzdə addımlar atmalı olacaq”.
Ermənilərin iki əsr bundan əvvəl Azərbaycanın tarixi torpaqlarına köçürülərkən törətdikləri cinayətlərdən danışan deputat Cavid Osmanov isə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı vəhşiliklərini vurğulayıb.
“30 il öncə Azərbaycan torpaqlarını işğal edəndə isə daha pis müsibətləri başımıza gətirdilər. Xocalı, Qaradağlı, Ağdaban faciələrini, misli görünməmiş vəhşilikləri törətdilər. Ermənistan çalışırdı ki, status-kvonu saxlasın və Azərbaycanı işğalla barışdırsın. Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşməni yerinə oturtdu.
Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığı üçün Azərbaycana qarşı təxribatları davam etdirir, Azərbaycandan yeni torpaqlar almaq istəyirdi. Bunu Ermənistanın keçmiş müdafiə naziri də ABŞ-da erməni lobbisi ilə görüşü zamanı bunu etiraf etmişdi. 2020-ci il Tovuz təxribatlarında ermənilərin yeni ərazilər işğal etmək niyyətini aydın gördük”, – deyə deputat əlavə edib.
Cavid Osmanovun fikrincə, 2020-ci il sentyabrın 27-də Ermənistan daha genişmiqyaslı təxribatlara, yeni torpaqlar işğal etmək üçün müharibəyə başladı. Bizim əks hücum əməliyyatına başlamağımızla təxribatların qarşısı alındı. Beləliklə, 44 gün ərzində rəşadətli ordumuz bir addım belə geri çəkilmədən ancaq irəli gedərək, tarixi torpaqlarımızı işğaldan azad etdi:
“Bu, ilk növbədə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün strategiyasının nəticəsi idi. Azərbaycana qarşı ciddi təzyiqlərə biz sinə gərdik, prezidentimizin şəxsən özünün rəhbərliyi ilə cavabını aldı. Azərbaycan bütün müstəvilərdə Ermənistana, dünya erməni faşizminə, onların havadarlarına qalib gəldi. 2020-ci il noyabrın 10-da Ermənistan diz çökərək, yalvararaq, kapitulyasiyaya məcbur oldu. Azərbaycanın tarixi qələbəsinin kökündə Müzəffər Ali Baş Komandan, xalq və silahlı qüvvələrin birliyi dayanırdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, 44 günlük müharibə xalqımızın şərəf tarixidir:
“İki il əvvəl 27 sentyabrda baş vermiş müharibə xalqımızın milli həmrəyliyini və gücünü nümayiş etdirdi. Əslində dövlətimiz müharibə istəmirdi və beynəlxalq birliyin dəstəyi ilə danışıqlar yolu ilə torpaqların azad olunmasına üstünlük vermişdi. Amma Prezident İlham Əliyev hərb yolu ilə də torpaqlarımızın işğalına son qoya biləcəyimizi istisna etmirdi. Son illər Ermənistanın hərəkətləri münaqişənin danışıqlar yolu ilə həll edilməsini mümkünsüz etmişdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta yeni ərazilər uğrunda yeni müharibə ritorikasından danışmağa başlamış, Azərbaycana qarşı həyata keçirdiyi təxribatları intensivləşdirmişdi. Bu təxribatlar artıq Qarabağın hüdudlarından kənara çıxmışdı. 2020-ci ilin 12 iyulunda Qarabağdan uzaqda, Tovuz rayonu istiqamətində düşmən geniş təxribata əl atdı. Dörd gün davam edən bu döyüşlərdə müzəffər Ordumuz öz gücünü qismən nümayiş etdirdi. Xalq ayağa qalxaraq düşmənlə müharibəyə hazır olduğunu və Ali Baş Komandandan əmrini gözlədiyini bildirmişdi. Ölkədə böyük vətənpərvərlik ruhu yaranmışdı və insanlar müharibəyə getməyə hazır olduğunu bildirməklə bunu nümayiş etdirirdi. İnsanlar könüllü şəkildə hərbi komissarlıqlara axışıb, müharibəyə getmək üçün könüllü yazılırdı. 27 sentyabrda bütün cəbhə boyu ermənilər yenidən geniş miqyaslı təxribata əl atdılar. Artıq budəfəki təxribat Ordumuzu müharibə ilə düşmənin başını əzərək, torpaqları azad etməyə məcbur buraxdı. Ali Baş Komandan qərarı verən kimi könüllülər cəbhəyə axın etdilər. Peşəkar ordumuz genişmiqyaslı hərbi əməliyyata başladı. Hərbi əməliyyatlar qabaqcadan hazırlanmış hərbi strategiyaya əsasən aparılırdı. Ordumuz müharibənin ilk günündə ermənilərin 30 ildə qurduqları müdafiə sədlərini keçərək uğura imza atdı. Ordunun və xalqın ruhu çox yüksək idi. Hətta müharibəyə gedə bilməyən arxa cəbhədəki hər kəs ön cəbhə üçün səfərbər olaraq, öz dəstəyini nümayiş etdirirdi. Ölkədə demək olar, bütün siyasi partiyalar öz siyasi baxışlarını kənara qoyub, Ali Baş Komandanın yanında birləşərək beynəlxalq təşkilatlara bəyanatlar göndərdi. Ölkədə yüksək milli həmrəylik və birlik formalaşmışdı. Bu milli birlik və həmrəylik Ali Baş Komandanın Dəmir Yumruğuna çevrilərək, ermənilərin 30 ildə müdafiəsini qurub, keçilməz qala hesab etdiyi müdafiə sədlərini qəhrəmancasına yardı, 44 gündə yeni tarix yazdı”.
Deputat onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız dönməz qələbə Azərbaycana dünyada qalib imicini formalaşdırdı:
“Son 200 illik tarixində Azərbaycan xalqı ilk dəfə olaraq döyüş meydanında qəhrəmanlıqla mübarizə aparıb, torpaqlarını işğaldan azad etdi. Azərbaycanın Müzəffər Ordusu torpaqları işğaldan azad etməklə yeni reallıq yaratdı. Bu yeni reallığın gündəliyini Azərbaycan diktə etdi. Beləliklə, Azərbaycan hərbi-siyasi yollarla öz ərazisini erməni işğalçılarından təmizlədi və beynəlxalq hüququn pozulmuş normalarını bərpa etmiş oldu.
44 günlük Vətən Müharibəsi qəhrəmanlıq səhifəmizdir. Təəssüf ki, müharibədə biz də 2907 şəhid verdik, 7 nəfər itkin düşdü və 10 mindən çox əsgərimiz yaralandı. Vətən yolunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi bizə həmişə əzizdir.
Prezident İlham Əliyevin sərəncamla 27 sentyabrı Anım Günü elan etməsi şəhidlərimizin ruhlarına, onların doğmalarına ali ehtiramın göstəricisidir. Hər il 27 sentyabrda xalqımız ümumhüzn tədbirlərinə qoşularaq, şəhidlərimizin məzarlarını ziyarət edir, onların ruhlarına öz hörmət, məhəbbət və ehtiramını bildirir. Şəhidlər ölmürlər. Onlar əbədi yaşayacaqlar. Xalqımız heç vaxt onların qəhrəmanlığını umutmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin!”