DİM əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək

DİM əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Mərkəzdən Milletinsesi.az-a verilən xəbərə görə, abituryentlər imtahana buraxılş vəsiqəsini çap edə bilərlər.

Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.

DİM I, II, III və IV qruplar üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırır ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.

Share: