Daxili İşlər Nazirliyi (DİN) Bakıda şirkət gözətçisinin ölümü ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 35-ci polis bölməsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.