Ramazan ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini ayinlərin icrası üzrə monitorinqlər bu il də davam etdirilib.
Bunu Trend-ə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Komitə rəsmisi bildirib ki, Ramazan ayından öncə də maarifləndirici, izahedici görüşlər keçirilib, o cümlədən bəzi profilaktik xarakterli söhbətlər aparılıb:
“Əvvəlki illərlə müqayisədə bu il xeyli müsbət irəliləyiş müşahidə edilib. Belə ki, əvvəlki illərdə xarici ölkələrdən gətirilmiş təqvimlərdən istifadə hallarına daha çox rast gəlinirdi. Lakin cari ildə keçirilmiş monitorinqlər nəticəsində bu sahədə ciddi qanun pozuntuları aşkar edilməyib”.
S.Heydərov, həmçinin dini ayinlərin icrası ilə bağlı Komitənin tövsiyəsini diqqətə çatdırıb:
“Dini ayinlərin icrası zamanı ancaq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən edilmiş təqvimdən istifadə olunmasını tövsiyə edirik. Digər ölkələrdən gətirilmiş təqvimlər ümumiyyətlə bizim coğrafi mövqeyimizlə, ənənəvi dini-mənəvi dəyərlərimizlə uyğun deyil. Bu cür təqvimlər yad dini ideologiyaların təbliğinin tərkib hissəsidir. Bəzi hallarda bunun fərqinə varmadan xaricdən gətirilmiş təqvimlərdən istifadə olunur. Düzdür, son illər bu cür hallar kifayət qədər azalıb və ciddi pozuntu aşkar edilməyib. Bir daha tövsiyə edirik ki, yad dini ideologiyanın təsirinə məruz qalmamaq üçün ancaq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən edilmiş təqvimdən istifadə edilsin. Təcrübə də göstərir ki, bəzi şəxslərin yad dini ideologiyaların təsirlərinə məruz qalmasında həmin təqvimlər başlıca rol oynayıb”.