Diplomatik teatrın son pərdəsi – Putin şərtləri diqtə edir

Diplomatik teatrın son pərdəsi – Putin şərtləri diqtə edir

ABŞ prezidenti Donald Trampın optimist açıqlamalarına baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa sammitin təşkili mümkünsüz görünür. Görüş üçün Cenevrə, Vyana, Budapeşt və İstanbul kimi bir neçə şəhər müzakirə olunub, lakin hər iki tərəfin ilkin şərtləri praktik olaraq qəbuledilməzdir. Kreml nümayəndəsi Yuri Uşakov görüşlə bağlı qeyri-müəyyən açıqlama verərək, yalnız “nümayəndələrin səviyyəsinin artırılması imkanlarını” müzakirə etdiklərini bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Putin yalnız “ən yüksək səviyyədə razılaşma əldə olunarsa” görüşməyə hazırdır deyə açıqlayıb. Ukrayna isə təhlükəsizlik zəmanətlərini yalnız Qərb ölkələrinin dəstəyi ilə təmin olunarsa qəbul etməyə hazırdır ki, bu da Moskva üçün qəbuledilməzdir. Zelenski, sammit üçün mümkün yerlər kimi Vatikan və Səudiyyə Ərəbistanını təklif edib, İsveçrə və Türkiyə də variantlar arasındadır. Bütün diplomatik səylərə baxmayaraq, cəbhədə gərginlik davam edir: Ukrayna Donbas ilə həmsərhəd Rusiya obyektlərini hədəfə alıb, buna cavab olaraq Rusiya genişmiqyaslı zərbə əməliyyatına başlayıb. Belə görünür ki, Putin-Zelenski zirvəsi hələ uzaq perspektivdədir.

Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Rusiya öz şərtlərini qəbul etdirmək üçün vaxt uzadır:

“Putin-Zelenski-Trampın sammit perspektivi hər dəfə mediada müzakirə olunur, amma gerçəklikdə sammitin baş tutacağı ehtimalı çox azdır. Rusiya prezidenti Vladimir Putin üçün Ukraynada müharibənin uzanması sadəcə strateji və siyasi bir alətdir. Müharibənin uzanması ona bir neçə üstünlük qazandırır. Müharibə uzandıqca, Qərb ölkələrinin səbir həddini sınanır, maliyyə və hərbi yardımın davamlılığını test olunur. Hər dəfə yeni paketlər gecikir, ya da hissə-hissə gəlir, Moskva üçün bu zaman qazanmaq deməkdir. Digər tərəfdən davam edən müharibə Putin üçün Rusiyada milli birlik və hakimiyyət legitimliyini gücləndirən bir daxili konsolidasiya alətidir. Uzaq perspektivdə Ukrayna ərazilərinin işğalı da elə bu daxili konsolidasiyanın təkanverici rolunu oynayır”.

Politoloq bildirib ki, hər dəfə sammit və ya danışıqlar gündəmə gəlir, Putin mövqe sərgiləyir, şərtlərini diktə edir və gözləmə mövqeyini qoruyur:

“Bu, ona Qərbin və Ukraynanın təzyiqini hiss etdirməyə, amma həqiqi kompromisə tələsməməyə imkan verir. Tramp-Zelenski sammitinin təşkili isə indi yalnız rituallı diplomatiyadır. ABŞ administrasiyası optimist görünməyə çalışır, amma Moskva hələ də ən yüksək səviyyəli razılaşma tələb edir. Putin sammiti yalnız o halda qəbul edəcək ki, hər iki tərəf onun əvvəlki tələblərini tam mənimsəsin. Yoxsa, sadəcə zaman qazanmaq üçün addımlar atılacaq. İndiki ahlda sammit perspektivi var kimi görünür, amma əslində hər iki tərəf, xüsusilə Moskva bu danışıqlardan Ukraynanın güzəşt etməsini gözləyir. Bu oyun davam etdiyi müddətdə müharibə uzanır, sanksiyalar və diplomatik təzyiqlər isə əsasən Qərb üçün maliyyə və siyasi yük kimi qalır”.

Politoloq qeyd edir ki, ABŞ prezidenti Donald Trampın baxışında müharibənin tezliklə həlli strateji əhəmiyyət daşıyır:

“Okeanın o tayında yaşayan milyonlarla amerikalı üçün bu müharibə hələ ki, gündəlik həyatda birbaşa təsir göstərmir. Enerji qiymətlərindəki artım, hərbi yardımlar və diplomatların açıqlamaları isə yalnız xəbərlərdə görünür. Lakin Tramp üçün bu, həm də daxili siyasət məsələsidir. Ukraynada davam edən qarşıdurma, Qərb koalisiyasının dayanıqlığını və ABŞ-ın qlobal nüfuzunu test edir. Onun məqsədi, mümkün olduqca, ABŞ və müttəfiqlərinin strateji maraqlarını qoruyaraq, sammit və danışıqlar vasitəsilə münaqişənin həllinə nail olmaqdır”.

Qabil Hüseynli vurğulayır ki, Trampın diqqətini çəkən əsas məqam, Ukraynadakı münaqişənin davam etməsi ilə həm Qərbin maliyyə yükünün artması, həm də ABŞ-ın beynəlxalq nüfuzunun sınanmasıdır:

“Ona görə də hər hansı sammit, yalnız formal bir ritual deyil, həm də ABŞ-ın diplomatik və strateji mövqeyini gücləndirmək üçün vacib fürsət kimi qiymətləndirilir. Nəticə etibarilə, Putin-Zelenski-Tramp sammitinin gündəmdə olması diplomatik teatr və vaxt qazanmaqdan ibarət olsa da, Atlantik o tayında yaşayanlar üçün bu müharibə yalnız xəbər kanallarında görünən, lakin ABŞ-ın strateji maraqlarına birbaşa təsir edən bir geopolitik oyun kimi qalır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Share: