Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sabunçu rayonu Zabrat-Maştağa-Buzovna avtomobil yolunda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, analoji işlər Nərimanov rayonu Həsən Əliyev küçəsində axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq. Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Həmçinin, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından etibarən iyun ayının 22-nə kimi (5 gün) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-132-ci km-lik hissəsində avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.
Bu üzdən sürücülərdən sözügedən yol ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.