Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ hər birimizi sarsıtdı, ürəyimizi parçaladı. Təbii fəlakət zamanı evləri dağılan, köməksiz vəziyyətdə qalan qardaş-bacılarımızın üzləşdiyi faciəvi vəziyyətə seyirçi qala bilməzdik. Var gücümüzlə qardaş xalqın yanında olmaq, onların yaralarını sarımaq Azərbaycan vətəndaşı olaraq hər birimizin mənəvi borcu idi.
Zəlzələdən sonra bütün dünya Türkiyə üçün səfərbər olmağa başladı. Türkiyəyə ilk yardım heç şübhəsiz Azərbaycandan gəldi. İlk gündən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in yüzlərlə şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Prezidentin tapşırığı ilə ard-arda yardımlar göndərilib. Bununla yanaşı xalqımız da yardım kampaniyalarına başlayıb. Müəllimlər də daxil olmaq cəmiyyətin bütün təbəqəsindən olan insanlar bu kampaniyaya qoşulublar. Hətta bəzi təqaüdçülər öz pensiyalarını qəpiyinə qədər Türkiyəyə göndərdi.
Təəssüf ki, bəzi çirkin xislətə sahib şəxslər sosial şəbəkə hesablarında müəllimlərin maaşının bir hissəsinin məcbur tutularaq Türkiyəyə göndərilməsi barədə iddialar yayıb. Hətta bəzi xəbər saytları da bu saxtakarlığa qoşulub. İki xalqın bir-birilə əlaqəsinin böyüklüyünü başa düşməyən bu dayaz fikirli insanlar başa düşmürlər ki, burada əsas məsələ pul, maddi yardım deyil, mənəvi dəstəkdir.
Zəlzələnin ilk günlərindən yardıma qaçanlar arasında imkanı olmayan insanlar da gözə dəyirdi. Onlar bu yardımla əslində türk qardaşlarımızı ruhlandırır, onların tək olmadığını göstərirdi. Lazım gəlsə, əlimizdə ovucumuzda nə varsa verməyə hazır olduğumuzu göstərirdi.
Yayılan iddialarla bağlı direktorlara müraciət etdik.
Sözügedən məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşən 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev deyib: “Qardaş Türkiyədə baş verən zəlzələdən təxminən 20 milyon qardaşımızın zərər görməsi, böyük dağıntı, çoxsaylı insan tələfatı xəbərləri hər bir azərbaycanlı kimi məni də, bizim kollektivimizin üzvlərini də çox kədərləndirdi. İlk gündən məktəbimizin valideyn, müəllim və şagird icması ümümxalq yardımına qoşuldu, Türkiyədəki qardaşlarımızın zəruri ehtiyacı ola biləcək əşya və avadanlıqların toplanaraq yardım qəbulu məntəqələrinə çatdırılması təmin olundu. Bundan əlavə, kollektivimizin ümumi rəyi əsasında zəlzələdən zərər çəkən insanlara maddi yardım təşəbbüsü ilə çıxış etdik. Könüllülük əsasında olan bu təşəbbüsə qoşulmaq hər birimizin vicdan borcudur.
Son günlər bəzi sosial şəbəkə səhifələrində guya müəllimlərin qardaş Türkiyənin zəlzələ bölgəsinə yardım məsələsində hansısa məcburiyyətin olunduğuna dair məlumatların yayılması heç bir halda qəbulolunan deyil. Bu, bizim hər birimizin qardaşlıq sevgisindən, vəfa borcundan irəli gələn bir istəkdir. Bu mövzuda birliyimizi pozmağa yönəlmiş çirkin niyyətləri lənətləyirik. Nə qədər gücümüz və imkanımız var, qardaş Türkiyənin yanındayıq”.
53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova isə bildirib ki, dost dar gündə tanınmalıdır:
““Dost dar gündə tanınar” deyiblər. Bu gün hər bir azərbaycanlının ürəyi çətin günlərini yaşayan qardaşı Türkiyənin yanındadır. Böyükdən kiçiyə hər kəs məsafələrə baxmayaraq öz dost əlini qardaşına uzadıb. Hər kəs əlindən gəldiyi köməyi göstərməklə qardaşına olan vicdan borcunu ödəməyə çalışır, özü də cani-dildən, sidq ürəkdən.
Nə yazıq ki, belə bir gündə və belə bir həssas məqamda öz çirkin əməlləri ilə düşmən dəyirmanına su tökməyə çalışanlar da tapılır. Türkiyənin zəlzələ bölgəsində qışın bu soyuğunda, şaxtasında çətin durumda qalan, yalnız evləri deyil, dünyaları yıxılan insanlara dost, qardaş əlini uzatmaq istəyən birinin məcburiyyətə ehtiyacı varmı sizcə? Bu, bir könül məsələsidir, qardaşın qardaşa olan sədaqətidir. Kollektivimizin hər bir üzvünün yardım kampaniyasında necə mütəşəkkil, könüllülük əsasında iştirak etdiyinin şahidi olaraq bunu əminliklə deyirəm. Son günlər sosial şəbəkələrdə yardım məsələsində məcburiyyətlə bağlı yayılan yalan məlumlar cəfəngiyyatdan başqa bir şey deyil. Belə bir çirkin oyunları ortaya atanlar niyyətlərinə çata bilməyəcəklər. Bütün qəlbimizlə Türkiyəmizin yanındayıq, birik, birlikdəyik”.
226 nömrəli tam orta məktəbin direktoru, şəhid anası Arzu Məmmədova:
“Bu gün qardaş Türkiyə tarixinin çox ağır, kədərli günlərini yaşayır. Güclü zəlzələ nəticəsində minlərlə insan tələfatı, yaralılar, dağıntılar hər birimizi son dərəcə kədərləndirdi. Fəlakətin ilk dəqiqələrindən hər bir Azərbaycan vətəndaşı qardaşına kömək üçün səfərbər oldu, zəlzələdən zərərçəkənlərə yardım göstərilməsi üçün səylərini birləşdirdirdi. Necə ki, Vətən Müharibəsində Türkiyəli qardaşlarımız ilk gündən yanımızda idi, biz də bu ağır günlərdə eyni sədaqət və içdən duyğularımızla onların yanındayıq. Kollektimizin hər bir üzvü ilk gündən canla-başla əlindən gələni etmək üçün yardımlaşmaya qoşulub, zəlzələdən zərərçəkənlərin vacib ehtiyaclarını qarşılamaq üçün öz qardaş köməyini əsirgəməyib. Təəssüflər olsun ki, hər kəsin qardaş Türkiyə üçün “Tək ürək” olduğu bir zamanda çirkin niyyətli insanlar qarayaxma kampaniyası aparır. Guya təhsil müəssisələrində müəllimlər yardımlara məcburi şəkildə cəlb olunub. Məsələnin süni şəkildə tirajlandığı gün kimi aydındır və kimlərinsə işinə yarayır. Bu əməli qətiyyətlə qınayırıq və dost, qardaş Türkiyə xalqının çətin günündə yanında olmağa davam edəcəyik”.
177 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Tərəqqi” medalına layiq görülən Vətanə Zeynalova:
“Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycanda böyükdən kiçiyə hər birimizi kədərə boğdu. Qardaş ölkənin səsinə ilk səs verən məhz ölkəmiz oldu. Bu çətin günlərdə onlarla birgə ağladıq, eyni zamanda yaralarını sarmaqda əlimizdən gələni etməyə çalışdıq. Millətimizin dosta, qardaşa sədaqətinin, vəfasının ən gözəl nümunələrini görüb bundan qürürlandıq da. Evindəki yorğan-döşəyini, isti paltarları kürəyinə yükləyib yardım məntəqəsinə yollanan kim, əynindəki paltosunu çıxarıb üşüyən türk qardaş-bacısına göndərən kim, göndərdiyi gödəkcənin cibini çərəzlə doldurmağı unutmayan kim. Belə misalların sayı kifayət qədərdir və nəinki ölkəmizdə, hətta sosial şəbəkələr vasitəsilə bütün dünyaya yayılaraq insanlıq nümunəsi kimi dəyərləndirildiyi bir vaxtda nə yazıq ki, iyrənc əməlləri ilə cəmiyyətdə fikir ayrılıqları yaratmağa çalışanlar da tapıldı.
Böyük ürək sahibi olan millətimiz, xalqımız varkən, xüsusilə söhbət qardaşın dar günündən gedirsə, hansı məcburiyyət ola bilər? Zəlzələdən zərərçəkənlərə yardım toplanması zamanı müəllimlərin əmək haqlarından məcburi qaydada tutulması ilə bağlı yayılan məlumatlar yuxarıda sadaladığım insanlıq nümunələrinin yanında çox cılız və əsassız görünmürmü? Ürəkdən gələn təşəbbüslərimizə çamur atmağa çalışan çirkin niyyətlilər bizim xoş məramımıza heç bir zaman kölgə sala bilməz. Hamımız Türkiyə üçün bir yumruq olmağa davam edəcəyik”.
276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev:
“Qardaş Türkiyədə baş verən zəlzələdən təxminən 20 milyon qardaşımızın zərər görməsi, böyük dağıntı, çoxsaylı insan tələfatı xəbərləri hər bir azərbaycanlı kimi məni də, bizim kollektivimizin üzvlərini də çox kədərləndirdi. İlk gündən məktəbimizin valideyn, müəllim və şagird icması ümümxalq yardımına qoşuldu, Türkiyədəki qardaşlarımızın zəruri ehtiyacı ola biləcək əşya və avadanlıqların toplanaraq yardım qəbulu məntəqələrinə çatdırılması təmin olundu. Bundan əlavə, kollektivimizin ümumi rəyi əsasında zəlzələdən zərər çəkən insanlara maddi yardım təşəbbüsü ilə çıxış etdik. Könüllülük əsasında olan bu təşəbbüsə qoşulmaq hər birimizin vicdan borcudur.
Son günlər bəzi sosial şəbəkə səhifələrində guya müəllimlərin qardaş Türkiyənin zəlzələ bölgəsinə yardım məsələsində hansısa məcburiyyətin olunduğuna dair məlumatların yayılması heç bir halda qəbulolunan deyil. Bu, bizim hər birimizin qardaşlıq sevgisindən, vəfa borcundan irəli gələn bir istəkdir. Bu mövzuda birliyimizi pozmağa yönəlmiş çirkin niyyətləri lənətləyirik. Nə qədər gücümüz və imkanımız var, qardaş Türkiyənin yanındayıq”.