Dörd kiloluq əl yükünə görə 47 manat ödətdilər – Butada “qızıl” qayda

Bir də Buta aviareysi ilə uçmaram.

 Buta Airways”nə bilet alanların nəzərinə:

Uçuşa iki saat qalmış biletlərinizi onlayn qeydiyyatdan keçirin, əks halda 15 manat ziyana düşəcəksiniz.

Əgər baqaj sifariş verməmisinizsə, əl çantalarına diqqət edin; yalnız dörd bucaqlı kompüter çantasından istifadə edə bilərsiz. Hər halda “Buta”da qayda belədir..

Yəni, lazım olan paltarları kompüter çantalarına qoymalısan, yoxsa 47 manat tərləməli olacaqsınız.

Əgər, təyyarə yükləri çəki ilə daşıyırsa, onların kvadrat və ya digər formada olması nə məqsəd daşıyır?

İyunun dördünə Buta Aviareysi ilə uçmaq üçün 158 manata gediş, 198 manata dönüş bileti aldım. Baqajsız..

Vaxtında hava limanına gedərək, qeydiyyat bölməsinə yaxınlaşdım. Qeydiyyatçı onlayn qeydiyyatdan keçmədiyimə görə məni geri qaytardı və onlayn aparatının yerini göstərdi. Məndən əvvəlkilər pasportun şəkil olan birinci səhifəsini aparatın işıq yanan hissəsinə yaxınlaşdırırdılar, amma nəticə alınmırdı. Onlar da mənim kimi prosesi bilmirdilər. Hava limanının işçilərindən kömək etməyi xahiş edəndə “bizim ixtiyarımız yoxdur” deyib imtina etdilər. Gözlədik, vaxt bitdi və 15 manat “cərimə” ödəyərək məsələni həll etdik.

Sənədləşməni aparan xanım:

-Baqajınız varmı?

– Xeyr. Yalnız bir- iki öz paltarımdı və o da dörd-beş kilo olar.

-Xanım:
Kilo fərqi yoxdur, yalnız kompüter çantasında aparsaydınız ödənişsiz olacaqdı. İdman çantasıdırsa, 47 manat da əlavə ödəməlisiniz.

Axı onun içində heç 47 manatlıq paltar yoxdur ki!? bir də ki çəkisi çox azdır. İndi paltarlarımı kompüter çantasına yığımmı? Bu təhqir deyilmi?

“Fərqi yoxdur, bizdə qaydalar belədir və yəqin ki, siz təlimatı oxumamısız”, deyə başqa xidməti işçi mənə yaxınlaşaraq bildirdi və baqaj yüküm olmasa da pulunu ödətdilər.

Beləliklə, ucuz hesab edərək aldığım 158 manatlıq “Buta bileti” 220 manata başa gəldi. Yəni, AZAL- ın qiymətinə.

Sənədləşmə bitəndən sonra normal uçuşa başladıq. Səhər yeməyini yemədən çıxdım ki, onsuz təyyarədə normal yemək verəcəklər.
Onlar isə səhər yeməyində yalnız bir stəkan adi su və sendviç  verdilər.

Özümü söyə-söyə verilən partizan yeməyini yedim və bir daha “Buta” ilə getməməyə söz verdim.

Qayıdanda isə eyni idman çantasına görə rüsum almadılar və qeydiyyat bölməsinin yaxınlığında Buta Aviareysinin yük daşımalar haqqında qaydaları əks etdirən tablo qoyulmuşdu. Amma orada yalnız yüklərin normativ ölçülər daxilində daşınması haqqındakı qaydalar əks olunmuşdu; təyyarənin daxilinə hündürlüyü+enliyi+uzunluğu =115sm; təhvil verilən baqaj isə – h+e+u = 168sm olmalıdı. Nə idman çantası, nə də kvadrat şəkilli kompüter çantası haqqında bölmə yox idi.. Demək, Azərbaycanda Buta Aviareysində tətbiq olunan qaydalar beynəlxalq normalara ziddir və qazanc mənbəyi kimi istifadə edilir. Gedişi çətin dönüşü asan reysimiz.

Talıb Əhədov

Share: