Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün ölkəmizin Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildiriblər.
Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.