Dövlət sifarişli yerlərə qəbul üçün keçirilən əlavə müsabiqənin nəticəsi açıqlanıb

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən, 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması haqqında məlumat Dövlət İmtahan Mərkəzinin saytında verilib.

Share: