Bir araşdırma yazısı ilə əlaqədar Dövlət statistika Komitəsinin son 2021 ci ildə dərc etdiyi əhalinin sayı, milli tərkibi və ana dili ilə bağlı məlumatları ilə tanış oldum. Etnik qruplar və milli azlıqlarla bağlı aparılan statistikaya baxdıqda bu məlumatlar sovet dövründən bəri dərin ziddiyyətlərlə doludur. Bir onillikdə bir millət itib gedir, sonrakı on ildə bir neçə minə çevrilir və ya ənənəvi çoxuşaqlı ailələri olan milli azlıqlar getdikcə azalır. Burada obyektiv amillərin olduğuna da inanıram,çünki milli azlıq və etnik qruplarımız şəhərlərə köçür, etnik kökənindən asılı olmayaraq evlənmələr olur və pasportda özünü neçə adlandırması da rol oynayır amma bu məsələnin bir elementidir, reallıqda isə köhnə sovet metodlarının qüvvədə olduğu açıq görünür.
Burada mənim diqqətimi cəlb edən Azərbaycanda,yəni Qarabağda erməni əhalisinin sayı ilə bağlı məlumatlar olmuşdur,çünki son bir neçə beynəlxalq toplantıda mənim arqumentlərim Qarabağda yaşayan ermənilərin ölkəmizdə yaşayan digər çox sayda etnik qruplardan az sayda olduğu haqda idi. Və mübahisələr də onların başqa azlıqlardan nəyə görə üstün statusa malik olmaları ilə bağlı idi. Mən erməni əhalisinin sayı ilə bağlı öz hesablamalarımı ortaya qoymuşdum..
Azərbaycan Dövlət Statistika Komitəsi isə erməni azlığının respublikada ikinci yerdə olduğunu göstərir. Belə ki, Statistika Komitəsinin 2021 –ci ilin məlumatlarında deyilir ki, guya 2009-cu ildə aparılan siyahıalma erməni əhalisinin 120 mindən artıq olduğunu təsdiq edir. Statistika Komitəsi bu məlumatları hardan alıb? Qarabağda ermənilər arasında siyahiyaalma təşkil edib, yoxsa oradakı ermənilərin yaydığı yalan statistikanı dərc edib? Görünən odur ki, Qarabağdakı separatçı qüvvələrin məlumatlarına əsasən yazılıb,çünki Qarabağdakı şəhərlərin əhalisinin sayı da erməni mənbələri ilə üst-üstə düşür.
Müharibədən öncə şəxsən mənimlə söhbətlərində çox sayda erməni ekspertləri Qarabağdakı ermənilərin sayının 70 mini aşmadıını qeyd edirdilər. Mənim özüm Qarabağda keçirilən seçkilərdə seçicilərin sayı və səsvermədə iştirak edənlərin rayonlar üzrə statistikasını analiz etməklə bu rəqəmin 60 min civarında olduğunu görürdüm. Nəzərə alsaq ki, o zaman Qarabağda on minlərlə əsgər və zabit yerləşmişdi və onlar da DQ Müdafiə Ordusu adı altında seçkilərdə iştirak edirdi, o zaman bu əhalinin 60 mindən aşağı olduğu da açıq görünürdü. Bunu oradakı vəziyyəti izləyən hər kəs bilir..
Qarabağda 2020-ci ilin aprelində keçirilən və hamının səfərbər olduğu ikinci tur ”prezident” seçkilərində onların bütün statistikası dərc olunmuşdu. Verilən “rəsmi” məlumata görə, bütün keçmiş DQ-da və işğal olunmuş yeddi rayonda yaşayan və səs verən ermənilərin sayı,təbii ki hərbçilərlə birlikdə, 47 min 165 nəfər olmuşdur. Əhalinin səsvermə hüququ olmayan gənclərini də əlavə etsək yenə də elə onların öz statistikası ilə əhalinin sayı 60 minlər civarında olur.
28 il işğal zamanı Qarabağda ermənilərin sayı artmamış əksinə azalmışdır, bunu ermənilərin özləri saysız hesabsız yazılarda da qeyd edirlər. Onları bu ərazilərdən Azərbaycan qovmamışdır,əksinə,sağlam məntiq, 28 il ərzində işğalda saxladıqları, “600 il arzuladıqları” və “qaytarmağa 1m torpaqları olmadığı” bu boyda böyük münbit ərazidə ermənilərin sayınını artmasını deyərdi, lakin artmamış və əksinə əhali sovet dönəmində sırf ermənilər yaşayan əraziləri də tərk etmişlər. Keçmiş DQ-ın ən böyük rayonu olan Mardakert rayonunun əhalisinin sadəcə üçdə biri 1994-cü ildən sonra öz evlərinə qayıtmışdır. 1992-ci ildən öncə Qarabağda yaşayan təqribən 127 min erməni əhalisinin sayı 60 minə enmişdir.
Əgər dövlətin başçısı Qarabağda sadəcə 35 min erməni yaşayır deyirsə, bu Azərbaycanın rəsmi mövqeyi sayılır. Hesab edirəm ki, indiki zamanda bu doğru rəqəmdir, çünki Ermənistan mənbələri Ermənistanda Qarabağdan 22 min qaçqın olduğunu bildirir. Müharibədən əvvəl oradakı əhalinin sayını 60 min saysaq, o zaman Hadrut və Şuşada yaşayan və eynilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilən və Agdam rayonlarında məskunlaşan ermənilər də əvvəl “DQ” əhalisi sayılırdı və onların da 99-%i Qarabağı tərk etmişdir. Minlərlə hərbçinin də Qarabağdan çıxarılmasını əlavə etsək 60 min rəqəmi 35 mindən də aşağı düşür..
O zaman Dövlət statistika Komitəsi 2021 ci ilin statistikasında yenidən 2009-a əsaslanaraq necə 120 000 erməni əhalisi olduğunu dərc edir. Bunu ən yaxşı halda “siyahıalma aparma imkanı olmayıb” yazmaqla və ya “müəyyən edilməmiş say” kimi göstərə bilərdi, yoxsa dövləti və dövlət başçısını çətin vəziyyətdə qoymazdı.
Bu statistikada anlaşılmaz tərəf həm də rayonlar və şəhərlər üzrə statistikadır. Guya Statistika Komitəsi 2009-cu ildə müəyyən edib ki, Xankəndində 55 min əhali yaşayırdı, 2021-ci ilin 1-yanvarına olan məlumata görə isə əhalinin sayı 55,9 minə çatmışdır. O zaman əgər 2020-ci ilin Aprel ayında ikinci tur aktiv “prezident” seçkilərinin nəticələrinə baxsaq, Stepanakertdə “rəsmi” rəqəmlərə görə cəmi 12 min 219 adam səs vermişdir. Lap bu rəqəmi 2-yə yox, 3-ə vuraq və uşaqları da əlavə edək, yenə də 56 min olmur axı…
2021 ci ilin yanvarında rus sülhməramlıları elan edirdi ki, Ermənistandan Qarabağa 52 min erməni qayıdıb( və nəzərə alsaq ki, atəşkəs imzalanan zamanı Qarabağda heç min nəfər də olsa mülki əhali qalmamışdı) və hər kəs də bu məlumatın reallığı əks etdirmədiyini bildiriridi. Çünki gündə Yerevandan Stepanakertə gələn dolu avtobuslar boş qayıtmırdı və rus qüvvələri sadəcə avtobusla gələnləri sayırdı. Ruslar Qarabağda ölən və itkin düşənlərin dalınca Ermənistandan gündə yüzlərlə adamların gəliş gedişini də bu siyahıya yazırdı. Yerli erməni mənbələri və BMT agentlikləri də ondan iki dəfə az adam geri döndüyü haqda məlumatlar verirdilər… Bu baxımdan 2021 məlumatları heç məntiqə sığmır…
Statistika Komitəsinin hesabatına görə Şuşa rayonunda 01.01 2021 vəziyyətinə görə 34,9 min, Xocalı rayonunda 29 min, Xocavənd rayonunda isə 44,2 min əhali yaşayır. Azərbaycanın ərazi bölgüsünə görə keçmiş Mardakert rayonun böyük hisəsi Tər Tər rayonuna,bir qismi Kəlbəcər rayonuna və qalan hissəsi isə Agdam rayonuna verilmişdir. Görünən odur ki,Statistika Komitəsi bu rayonların daha çox azərbaycanlı əhalisinin sayını vermişdir amma o da tam aydın deyil.. Lakin bu rayonlara verilmiş erməni kənd və qəsəbələrinin əhalisini də əlavə etsək, o zaman Qarabağda erməni əhalisi Statistika Komitəsinin hesabatına görə 120 mini daha çox aşır. Çünki Xankəndi və Xocavendin əksəriyyəti erməni əhalisi olduğundan və keçmiş Mardakertin və Əsgəranın erməni əhalisini də nəzərə alsaq, o zaman təqribi statistika 120 mini aşır. Bu isə reallığı əks etdirmir. Statistika Komitəsi bu məsələlərə aydınlıq gətirə bilərsə,faydalı olur…
Elxan Mehdiyev
Araşdırıcı-alim,
Xüsusi olaraq Moderator.az üçün