DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

Bu barədə Milletinsesi.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azər­baycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirmiş, Ali Baş Komandanın qay­ğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və böl­mələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin ya­ra­dılmasını qeyd etmişdir.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları əra­zisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə­yə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanmış, bu istiqamət­də sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxri­bat­larına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləş­dirilməsi üzrə görülən işlər haqqında məlumat verilmiş, Azərbaycan sərhədçilə­rinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilmişdir.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Ni­zaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlə­rində uğurlar arzulamışdır.

Tədbir zamanı xidmətdə yüksək nəticələr gös­tərmiş bir qrup hər­bi qulluqçu təltifləndirilmişdir.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayən­dələri ilə əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hü­dud­­larının qorunması işində müs­bət rol oynaması, icra hakimiyyəti, pro­­­ku­rorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əmək­daşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliy­yətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xid­mət etməsi xüsusi qeyd olunmuşdur.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə komplek­sinə baxış keçirmişdir. Hərbi hissədə xidmətin yüksək səviyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntə­qə­si, id­man zalı, təminat binaları, su rezervuar­ları inşa olunmuşdur.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo­naqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

Səfər çərçivəsində tə­mas xəttində yerləşən sərhəd döyüş mən­tə­qələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılmışdır.

Share: