Dualarımız niyə bəzən qəbul olunmur?

Dua – insanı Allaha yaxınlaşdıran ən fəzilətli ibadətlərdən biridir. Bəndə dua edərək Allaha yaxınlaşar və hacətlərini dilinə gətirər. Bir növ yaxın dost kimi insan Allahla dərdləşər və arzularını, istəklərini Ona söyləyər. Ancaq çox təəssüf ki, bəzən etdiyimiz dualar nəticəsiz qalır və biz ümidimizi itirmirik, lakin dualarımız yerinə yetmir. Görəsən bunun səbəbi nədədir?

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, hədislərimiz duanın yerinə yetməsinə mane olan amillərin mövcud olduğunu söyləyir və onları bizə tanıdır ki, aradan qaldıra bilək.

1. Günah. Günah səbəb olur ki, insanın ismət pərdəsi cırılsın. Bəlaların nazil olmasına şərait yaradar. Eyni zamanda dualar qəbul olmaz, ruzi azalar və həyatında olan bərəkət və xeyir aradan gedər. Bütün bunlar günahın vurduğu ziyanlardır. Hədislərin birində oxuyuruq ki, Allah buyurur: “Bəzən bəndə Məndən hacət istəyir və Mən onu yerinə yetirirəm. Ancaq o, günah edir, Mən də mələklərə buyururam ki, bu bəndə günahı vasitəsilə özünü Mənim qəzəbimə düçar etdi və özünü Mənim nemətimdən məhrum olmağa layiqli etdi. Bundan sonra istəyi ilə Mənim yanıma nail olmayacaqdır, məgər o halda ki, bəndəm olmağa boyun əysə”.

2. Haram maldan istifadə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram tikə yeyər – 40 gecə namazı qəbul olmaz və 40 səhər duası həyata keçməz”.

3. İnsanlara zülm etmək. Duanın yerinə yetməməsinə səbəb olan amillərdən biri də başqalarına zülm etmək və ya zalımın məzluma etdiyi zülmə razı olmaqdır. Əgər kimsə mömin qardaşına zülmü rəva bilər, haqqını tapdalayar, nə zaman Allah dərgahında sızlasa və dua üçün Allah Təalaya əllərini qaldırsa – Allah Təala onun cavabını verməyəcəkdir. Ona qəzəblənəcəkdir.

4. Valideynə itaət etməmək və onları incitmək. Duaların yerinə yetməməsinə səbəb olan amillərdən biri də valideynlərə itaət etməməkdir. Qəlblərini sındırmaq və onları incitməkdir. İmam Sadiq (ə) buyurur: “O günahlar ki, duanı rəd edər, fəzanı qaraldar – ata və anaya itaət etməmək və onları incitməkdir”.

5. Qohumlarla əlaqəni kəsmək. Həzrət Peyğəmbər (s) buyurur: “Qohumluq əlaqəsini kəsmək duanın yerinə yetməsinə mane olar”.

6. Əmr-be-mərufu tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman insanlar əmr-be-məruf və nəhy-əz-munkər etməzlər və nəslimin yaxşı insanlarının ardınca getməzlər – Allah pis insanları onlara hakim edər. Bu zaman yaxşı insanları dua edər və duaları yerinə yetməz”.

7. Namazı yüngül hesab etmək. Həzrət Peyğəmbər (s) namazı yüngül hesab etmək haqqında buyurur: “Namazı yüngül hesab etməyin dünya bəlaları:

1. Allah bərəkəti ömründən alar.

2. Allah bərəkəti ruzisindən alar.

3. Allah salehlərin simasını onun üzündən aparar.

4. Etdiyi hər bir əmələ görə mükafat almaz.

5. Duası səmaya qalxmaz.

6. Salehlərin duasından bəhrə aparmaz”.

Deməli, insan duaları qəbul olunmadığı halda bunun səbəbləri haqqında fikirləşməli və onun dualarını həbs edən amilləri araşdırıb, aradan aparmaq üçün çalışmalıdır. Bu sırada ən effektiv vasitə – tövbədir.

 

Share: