Dubay Əmiri qızını əsir saxlamaqda ittiham olunur

BƏƏ-nin vitse-prezidenti və Baş naziri Dubay Əmiri Məhəmməd bin Rəşid əl-Məktumun qızı Şahzadə Lətifə atasını onu əsir saxlamaqda ittiham edib.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lətifə bunu BƏƏ-yə zorla qaytarılmasından sonra yayımladığı videomesajında açıqlayıb. O, videomüraciəti hamam otağında çəkərək dostlarına göndərib.

Lətifə atasının onun arxasınca göndərdiyi əsgərlərə müqavimət göstərdiyini, ancaq dərmanla yatırıldığını və zorla Dubaya gətirildiyini bildirib.

Baş nazir qızının sözlərinə görə, atası onu pəncərəsi və qapısı olmayan qapalı bir villada saxlayır, tibbi və hüquqi yardım ala bilmir. O bildirib ki, villa bir qrup polis əməkdaşı tərəfindən qorunur.

Şahzadənin videomesajları “BBC” telekanalına Lətifə üçün azadlıq kampaniyasını başladan yaxın dostu Tiina Yaiuhiainen, Lətifənin əmisi oğlu Markus Essabri və insan hüquqları müdafiəçisi Devid Hey tərəfindən göndərilib.

Qeyd edək ki, şahzadə Lətifə 2018-ci ildə dəniz yolu ilə ölkədən qaçmağa çalışsa da, o, Hindistanın ərazi sularında BƏƏ qüvvələri tərəfindən saxlanılaraq vətəninə qaytarılıb.

Bir çox insan hüquqları müdafiəçisi şahzadənin zorla geri qaytarılmasını “qaçırma” kimi qiymətləndirib.

Share: