Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən təhsil işçilərinin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri müəyyənləşib. Bu barədə Baş nazir Əli Əsədov dünən müvafiq qərar imzalayıb.
Lakin Baş nazirin qərarı təhsil işçilərinin çaşqınlığına səbəb olub. Bəzi müəllimlər sözügedən qərarla maaşların artdığını iddia edib, digərləri əksini bildirib.
Modern.az-ın əməkdaşı məsələnin aktuallığını və müəllimlərin marağını nəzərə alaraq, sorğu ilə Təhsil Nazirliyinə müraciət edib. Lakin Nazirlikdən hər hansı şərh almaq mümkün olmayıb.
Belədə məsələni saytımıza təhsil eksperti Kamran Əsədov şərh edib.
O bildirib ki, Baş nazir Əli Əsədovun dünən imzaladığı qərarlar bütün təhsil sistemini əhatə edir:
“Artıq təsdiq olunmuş qərara əsasən, 19 kateqoriya üzrə diaqnostik imtahandan, sertifikasiyadan keçməyən müəllimlərin, təhsil işçilərinin əmək haqları artımla veriləcək. Bu artım diaqnostik imtahandan,sertifikasiyadan keçməyən direktorları, müəllimləri, uşaq birliyi rəhbərlərini, kitabxanaçıları, laborantları, şahmat məktəbinin müəllimlərini, fiziki qüsurlu uşaqlarla işləyən müəllimləri, uşaq bağçasında işləyən pedaqoqları əhatə edəcək”.
Onun sözlərinə görə, burada xüsusi bir yanaşma var:
“Burada bir fərqli yanaşma var ki, onu mütləq nəzərə almaq lazımdır. Dünənki qərarlarla diaqnostik qiymətləndirmədən, sertifikasiyadan keçən müəllimlərin əməkhaqqında heç bir artım olmayacaq. Diaqnostik imtahandan keçən müəllimlərin maaşında artım ayrıca sərəncamla olacaq. Dövlət müəllimlər üçün daha yaxşı əmək haqqı sistemi tətbiq edir. Yəni mövcud qaydalardan daha artıq maaş almaları üçün diaqnostik imtahandan keçənlər üçün əlavə sərəncam veriləcək. Bu müəllimlərlə, yanaşı direktorlara da aiddir. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, direktorların əmək haqqı ilə bağlı sərəncamın fevralın 5-nə kimi cənab Prezident tərəfindən imzalanması gözlənilir. Serifikasiyadan, diaqnostikadan keçən müəllimlərin maaşı, digərlərindən yüksəkdir. Gözlənilən sərəncamla onların əmək haqqı bir qədər də artmış olacaq”.