Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

“Report”un məlumatına görə, 97 kq-da yer alan Maqomedxan Maqomedov təsəlliverici qarşılaşmada polşalı Zbiqniev Baranovskiyə 11:0 hesabı ilə qalib gələrək, 3-cü yer uğrunda mübarizə aparmaq hüququ əldə edib. Onun rəqibi iranlı Məhəmmədhüseyn Məhəmmədyan olacaq.

61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov isə ilk təsəlliverici görüşdə şimali makedoniyalı Beşir Alilini 5:1 hesabı ilə məğlub etsə də, ikinci qarşılaşmada bolqarıstanlı Georgi Vangelovla bacarmayıb – 0:4.

Bu gün həmçinin 65 kq-da Hacı Əliyev bürünc medal görüşündə Macarıstan təmsilçisi İsmail Musukayevlə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Mənbə

Share: