Dünya çempionu olan nazirlik əməkdaşı: “Bütün yarışlarda ən yüksək nəticələr əldə edirəm” – MÜSAHİBƏ

Valeh Sahratlı Ukraynanın Xarkov şəhərində şaolin döyüş sənətləri üzrə keçirilən dünya çempionatında əlbəyaxa döyüşdə qızıl medal qazanıb.
Valeh Sahratlı vətənə döndükdən sonra Bakupost.az-a müsahibə verib.

Millətin Səsi.az həmin müsahibəni təqdim edir:

Sarhatlı Valeh Həşim oğlu 1992-ci il noyabrın 17-də Yardımlı rayonun Əsədabad kəndində anadan olub. Orta təhsilini Əsədabad kənd tam orta məktəbində başa vurub. Hələ uşaq vaxtından idmanın karate növü üzrə Yardımlı rayonunda idman məktəbində də oxuyub. Orta təhsilini başa vurduqdan sonra 2011-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Full Kontakt Karate idman növü ilə məşğul olub. Hazırda idmanın bu sahəsində professional fəaliyyətini davam etdirir. Qeyd edək ki, çoxmübarizeli idman döyüş növləri üzre 8 qat Respublika çempionu, 1 qat Avropa və Dünya üçüncüsü olub. Eyni zamanda Yardımlı rayonunun Dövlət Yanğından Mühafizə xidmətinin 132 nömrəli Dövlət Yanğından Mühafizə bölməsinin daxili xidmət cavuşudur.

– Valeh, neçə lildir idmanla məşğulsuz?
-7-8 yaşlarımda idmanla məşğul olumağa başladım. Valideynlərim idmana olan istəyimi hər zaman dəstəkləyib və bu sahədə uğurlu bir idmançı olmağım üçün mənə çox böyük şərait yaradıblar. Buna görə valideynlərimə sonsuz təşəkkürümü bildirirəm. Daha sonra Yardımlı rayonunda idman məktəbinə yazıldım və idmanın karate növünü seçdim. İdman məktəbinə yazılandan sonra bu sahəyə marağım iki qat artmağa başladı. Həmçinin idmanın sirlərinə yiyələndikcə və yarışlarda qələbə qazandıqca daha da ruhlanırdım.
– İlk məşqçiniz kim olub?
– İlk məşqçim Nazim Rzayev olub. Üzərimizdə çox böyük zəhməti var. Demək olar ki, Nazim müəllimin sayəsində idmanın ən dərin sirlərinə yiyələnə bilmişəm. Bu gün uğurlarımın böyük qismi məhz Yardımlı idman məktəbində qazandığım təcrübə sayəsindədir.

– Bəs, ilk yarışınız nə vaxt olub?
– 2005-2006-cı illərdə Yardımlı rayonunda Full Kontak Karate üzrə rayon birinciliyi üzrə yarış keçirildi. Həmin yarışda qələbə qazandım və bu mənim ilk qələbəm idi. Həmin qələbəm idmana olan həvəsimi daha da artırdı. 2007-2008-ci illərdə Respublika çempionatına qatıldım. Çox gözəl xatırlayıram ki, Respublika çempionatında ilk birinciliyi dostum Ağazadə Raqif qazandı. Daha sonra mənim döyüşdüm və birinci yerə çıxaraq qızıl medal qazandım. Demək olar ki, komanda olaraq rayonumuzu Respublikada layiqincə təmsil edə bildik. Həmin yarışdan sonra rayon rəhbərliyi, idman idarəsi tərəfindən həm məşqçimizi, həm də bizi çox gözəl qarşılayıb, təbrik etdilər.
-Xarici ölkədəki ilk yarışınız nə vaxt olub?
-Xarici ilk yarışım 2008-ci ildə Ukraynanın Xarkov şəhərində olub. Orada çox mübarizəli idman döyüş növləri üzrə, yəni bir neçə versiyada döyüşlər vardı. Həmin yarışda dünya üçüncüsü oldum. Lakin 2011-ci ildə həqiqi hərbi xidmətə getdim. Xidmət dövründə qazandığım ən dəyərli uğurlardan biri də hərbi xidmətdə fərqlənməyə görə Cənab Prezident tərəfindən 3-cü dərəcəli medalla təltif olunmağımdır. 2012-ci ilin iyul ayında hərbi xidməti başa vurduqdan sonra yenidən idmana başladım. Çünki idman artıq həyatımın bir parçası idi. Daha sonra Respublika çempionatlarında əlbəyaxa döyüş növləri üzrə yarışlarda iştirak etdim. Full Kontakt Karate idman növün üzrə 8 dəfə Respublika çempionu olmuşam.
2015-ci ildə isə Türkiyənin İstanbul şəhərində Full Kontakt Karate üzrə keçirilən Avropa çempionatında qələbə qazanaraq Avropa çempionu oldum. Həmin yarışda 4 döyüş keçirdim. Orada Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən iştirakçılar vardı. Xatırlayıram ki, ən maraqlı döyüşüm finalda oldu. Finalda rəqibim qazaxıstanlı idi. Orada qalib olmuşdum və xallar hesablanırdı. Bir idmançı tatamiyə çıxıb 3 dəqiqə döyüşürsə, onun xalları ədalətli şəkildə verilməlidir. Bir az narazılıq oldu və yenidən döyüşmək məcburiyyətində qaldıq. Bu, həm mənim, həm də rəqibim üçün gözlənilməz oldu. Çünki mən rəqibimə nakautla qalib gəldim. Nakaut olan yerdə də xala ehtiyac qalmır. Şükür oradan da qələbə ilə ayrıldım. Əsas bayrağımızı ən uca zirvələrdə dalğalandıra bildiyim üçün çox sevinirdim.
-Yarışda məğlub olmaq idmançını ruhdan salmır ki?
-Bu idmandır, bəzən məğlub olmağı bacarmaq lazımdır ki, qalibiyyəti əldə edə biləsən. İdman zədəsiz, travmasız, əzilmək, məğlubiyyət olmada mümkün deyil. Amma şükür ki, keçirdiyim bütün yarışlarda ən yüksək nəticələr əldə etmişəm. Düşünürəm ki, bir idmançı məğlub olsa, o mütləq yenidən yarışlara daha əzmlə, həvəslə hazırlaşmalı və əvvəlki məğlubiyyətin əvəzini çıxmalıdır. Bu yarışdır kimsə udur, kimsə uduzur. Ona görə də əsla ruhdan düşmək lazım deyil.
– Xarkovda keçirilən yarışda da birinciliyi qazanmısız. Bu yarışa necə qatıldınız, orda nələr oldu, rəqibləriniz kimlər idi?
-Bəli, 2021-ci il dekabrın 11-dən 15-nə kimi Ukraynanın Xarkov şəhərində şaolin döyüş sənətləri üzrə dünya çempionatı keçirildi. Şaolin Döyüş sənəti çox şaxəli idman növüdür. Mən əlbəyaxa döyüş növü üzre yarışlara qatıldım və qızıl medal qazanaraq dünya çempionu oldum. 70 kq çəkidə döyüşürdüm və burada 3 rəqibim vardı. Rəqiblərdən biri Qazaxıstan, ikisi isə Ukraynalı idi. Qazaxıstanlı rəqibimi yüksək xal hesabı ilə məğlub etdim. Yarımfinalda ukraynalı rəqibimə də texniki nakautla qalib gəldim. Bildiyiniz kimi ən ağır döyüşlər final döyüşləri olur. Həmçinin Finalda yenidən ukraynalı rəqibimlə görüşdə həm texniki nakaut, həm də xal hesabı ilə qalib gələrək dünya çempionu oldum. İlk dünya çempionatında iştirakım və qələbəm məhz bu yarışda oldu. Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadə və peşəkarlardan ibarət komandanın baş məşqçisi Ruhi Hüseynova öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. 21 nəfərdən ibarət komanda ilə getmişdik. Şükürlər olsun 6 qızıl və digər gümüş, bürünc medallarla Vətənə qayıtdıq. Mənim üçün böyük qürurdur ki, 6 çempiondan biri mənəm. Bayrağımızı zirvələrdə dalğalandırmaq, himnimizi xaricdə səsləndirmək böyük mənim üçün böyük fəxrdir. Həmçinin biz artıq xarici ölkədə qalib ölkənin qalib vətəndaşı olaraq gəzirik. 44 günlük Vətən Müharibəsində qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa tapmalarını diləyirəm.

-Hazırda idmandan başqa hansı işlə məşğulsuz?
-Avropa çempionatından sonra bir çox yerlərə iş üçün müraciət etdim. Onlardan biri də FHN-i idi. Bir idmançı olaraq sənədlərimi hazırladım və təqdim etdim. Daha sonra imtahan verərək ora qəbul olundum. Lazım olan bütün kriteriyalara cavab verdiyim və imtahandan keçdiyim üçün işlə təmin olundum. Hazırda Yardımlı rayonunun Dövlət Yanğından Mühafizə hissəsinin 132 nömrəli Dövlət Yanğından Mühafizə bölməsinin daxili xidmət cavuşuyam. Demək olar ki, bu işi də idman qədər sevirəm. Dünya çempionunu yarışından sonra FHN-nin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov məni dəvət etdi və öz tövsiyələrini verib, daim dəstək olacağını bildirdi. Mənim üçün böyük fəxrdir ki, mən FHN-ni, ölkəmizi xarici ölkədə layiqincə təmsil etdim.
– Uğurlu idmançı olmaq üçün əsas şərtlər hansılardı?
-İlk olaraq idmançı öz məşqinə, istirahətinə, sağlamlığına, qidalanmağına diqqət yetirməlidir. Bir idmançı olaraq əsas qeyd etmək istəyirəm ki, idmançı öz ətrafına və düşdüyü mühitə diqqət yetirməlidir. Yəni, hansı insanlarla dostluq edir. Buna məsəl də var, “deyir dostunu göstər, deyim sən kimsən”. Təkcə idman sahəsində deyil, bütün sahələrdə uğur qazanmaq üçün mənfi mühitdən və pis vərdişlərdən özünü gözləməlisən. İnsanın iradəsini kimsə əlindən ala bilməz, yalnız sərxoş olanda özünü itirə bilərsən. Ona görə də pis vərdişlər deyəndə məhz bir idmançı üçün siqaret və spirtli içilərdən uzaq olmağı tövsiyə edərdim. Çünki bunlar idmançının uğur qazanmasına mane olan işlərdir. Qeyd edim ki, idmanda mənə dəstək olan insanları da heç vaxt unutmuram. Bu sahədə mənə hər zaman dəstək olan Hacı İlqar Əbilova və FHN -nin Yardımlı rayon DYMH-nin rəisi palkovnik leytenant Cabir Balaşova öz dərin təşəkkürmü bildirirəm.
– Hər idmançının özünəməxsus taktikası var. Sizdə necə?
Əlbəttə, hər bir idmançının özünəməxsus taktikası var. Məsələn, məşhur bir idmançını göstərək və deyə bilərik ki, heç kim o ola bilməz. Çünki hər kəsin öz dəsti-xətti var. Hər idmançının rəqibi məğlub etmək üçün xüsusi bir fəndi, axıra saxladığı sürpriz bir taktikası olduğu kimi təbii ki, mənim də var. Məsələn, mən həmişə rəqibi yoraraq məğlub etmək istəmişəm. Hər zaman döyüşə qələbə niyyəti ilə çıxmışam. Amma döyüş zamanı rəqib üzərində qələbə qazanmaq üçün onu yormaq və üzərində kəşfiyyat işi aparmaq taktikalarımdan biridir. Taktikalarım işə yarayıb və xalı rəqibdən almışam.
-İdmançını güclü edən nədir?
-İdmançı özünə inanmalıdır. İdmana, döyüşə, yarışa aid hər şeyi bilməlidir. Lakin çox şey öyrənməyə cəhd etməməlidir. Bildiklərini daha dərin anlamalıdır. Məsələn, idmanda min zərbəni öyrənməkdənsə, bir zərbəni min dəfə təkrar etsələr bunun effektini görəcəklər. Eyni zamanda iradəli, güclü idmançı ağlını da işə qatdığı zaman uğur qaçılmazdır.
-İdmanda şans məsələsi var?
-İdmanda şans məsələsini bir-iki dəfə yaşamışam (gülür). Məsələn, döyüş bitib, mənim və rəqibimin də xalları olub. Amma həmin döyüşdə aktivliyə, idman mədəniyyətinə fikir veriblər. Düşünürəm ki, idman özü belə böyük mədəniyyət deməkdir. Bunlara fikir verdiyim üçün mənə böyük şans gətirib. Ən şanslı olduğum iki döyüşüm olub. Biri 2015-ci ildə Türkiyənin İstanbul şəhərində Avropa çempionatında olub. Qalib olmuşdum, amma xallarla bağlı narazılıq olduğu üçün döyüşü yenidən keçirdilər. Heç bir şey demədən razılaşdım. Ən böyük şansım o oldu ki, döyüş başladı və heç bir dəqiqə çəkmədən rəqibimi nakaut etdim. Halbuki, ondan əvvəl 3 dəqiqə döyüşmüşdük və xal hesabı ilə də mən üstün idim. İkinci döyüşdə də rəqibi nakaut etdim. Digər bir şansım Respublika çempionatında olub. Orada səhv etmirəmsə iki idmançı ilə döyüşməli idim, lakin biri döyüşə çıxmadı. Həmin vaxt bir döyüş keçirdim və qələbə qazandım.
-Vətənin haqq savaşında əmioğlunuz şəhid olub. Bu hansı döyüşlərdə olub?
-Bizim nəslimizdə hərbçilər çox olub. Həm dayılarımdan, həm də əmilərimdən hərbidə işləyənlər var. Vətən Müharibəsi şəhidlərindən biri də əmimoğlu Sahratov Cavid Əlikömək oğludur. Hərbi xidmətdən gələndən sonra yenidən hərbiyə qayıtdı və hərbçi olmağı seçdi. İkinci Qarabağ müharibəsində o tank komandiri olub. 44 günlük Vətən Müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəli idi, üçü övladı vardı. Şəhid olandan sonra cənab Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Dövlət başçımız hər zaman şəhid və qazi ailələrinə yüksək səviyyədə diqqət və qayğı göstərir. Qazandığım qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirəm. Biz bu gün alnıaçıq, üzüağ gəzə biliriksə məhz bunu şəhidlərimizə borcluyuq. Onların ruhu qarşısında baş əyirəm.

Share: