Bu gün dünya ictimaiyyəti Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2019-cu ildə bu əlamətdar gün “Öz hüquqların uğrunda mübarizə apar” şüarı ilə keçirilir.
Beynəlxalq İnsan Hüquqları Günü 71 il əvvəl – 1948-ci ildə BMT Baş Assambleyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilib. İnsan hüquqları tarixinin əlamətdar hadisəsi olan və mətni 500-dən çox dilə tərcümə edilən bu sənəddə hər kəsin anadangəlmə sahib olduğu əsas hüquqlar bəyan olunub. Bəyannamədə əksini tapan prinsiplər bu gün də aktualdır.
BMT qeyd edir ki, ötən 71 il ərzində Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunan insan hüquqları anlayışının təsiri inqilabi səviyyədə olub. Bu sənəd qlobal səviyyədən tutmuş, milli və regional çərçivələrə qədər siyasət sənədlərinə, konstitusiyalara nüfuz edib. Bəyannamə qadınların cəmiyyətin siyasi, iqtisadi və sosial həyatında tam iştirakına şərait yaradıb, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizəyə təkan verib, daha ədalətli dünyanın təməlini qoyub. Bundan başqa, 2019-cu il noyabrın 20-də Uşaq Haqları Konvensiyasının da 30 illiyi qeyd olunub.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi müasir dövrdə insan hüquqları üzrə qanunvericiliyin təkmilləşməsində və insan hüquqları ilə bağlı mühüm beynəlxalq sazişlərin bağlanmasında önəmli rol oynayıb və insan hüquqları ilə bağlı yeni alətləri stimullaşdırmağa da davam edir.
Lakin dünyanın bir çox yerlərində, xüsusən silahlı münaqişə zonalarında insan hüquqlarının pozulması halları heç də azalmayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet qeyd edib: “İnsanlar dünyamızın üzləşdiyi böyük dəyişikliklərdən getdikcə daha çox ehtiyat edirlər. Məhz çətin və qeyri-müəyyənlik vaxtlarında bizə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi yol göstərə bilər.”
Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən bu sahədə BMT ilə sıx əməkdaşlıq edir. Ölkəmiz ötən 20 il ərzində bu təşkilatın insan hüquqları sahəsində doqquz əsas beynəlxalq sazişindən səkkizini təsdiq edib. BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin ötən il İnsan Hüquqları Gününə həsr olunmuş konfransda söylədiyi kimi, Azərbaycan öz hesabatlılıq öhdəliklərinə uyğun olaraq, BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə orqanları üçün mütəmadi hesabatların hazırlanması və təqdim edilməsində fəal olub. Belə ki, 2012-ci ildən etibarın ölkəmiz BMT-nin xüsusi prosedurlar üzrə mandat daşıyıcılarına daimi dəvət təqdim edib. Buna misal olaraq, hər kəsin ən yüksək mümkün səviyyədə fiziki və psixi sağlamlıq hüququ üzrə Xüsusi Məruzəçi (May 2012-ci il), qadınlara qarşı zorakılıq üzrə Xüsusi Məruzəçi (Noyabr 2013-cü il), məcburi köçkünlərin insan hüquqları üzrə Xüsusi Məruzəçi (Avqust 2014-cü il), Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun üzvləri və təşkilatın digər nümayəndələrinə təqdim edilən məruzələri göstərmək olar. Eyni zamanda, 2018-ci ildə Azərbaycan Universal Dövri İcmalın üçüncü dövrünü başa vuraraq, 259 tövsiyədən 179-nu qəbul edib və 66 tövsiyəni nəzərə alıb.
Bütün bunlarla yanaşı, Azərbaycanın müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları pozulan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərini diqqət mərkəzində saxlayıb, onlarla bağlı BMT və digər beynəlxalq təşkilatlar qarşısında mütəmadi olaraq məsələ qaldırıblar.