Dünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycana gələcəklər

Dünya Səhiyyə Təşkilatı (DST) dünyada koronavirusun yayılmasına qarşı mübarizənin gücləndirilməsi çərçivəsində Azərbaycana, Monteneqroya və Ukraynaya ekspertlər qruplarını göndərəcək.

Milletinsesi.az BMT-nin xəbərlər saytına istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının rəhbəri doktor Tedros Gebreyesus brifinqdə dünyada koronavirusun yayılmasına qarşı mübarizəni gücləndirməyə çağırıb. O deyib ki, yeni infeksiyaya qarşı dərman vasitələrinin yaradılması ilə məşğul olan elmi institutlarla hökumətlər arasında qarşılıqlı əlaqəni möhkəmlətmək vacibdir.
Dünyanın aparıcı həkimlərinin və virusoloqlarının bu il fevral ayında Cenevrədə keçirilmiş görüşünün nəticələrinə əsasən, COVID-19 virusu əleyhinə dərmanların və vaksinlərin ən qısa müddətdə yaradılması üçün səylərin əlaqələndirilməsinə dair protokollar hazırlanıb.

DST rəhbəri Beynəlxalq Qadınlar Günü ərəfəsində koronavirusun yayılmasına qarşı fəal mübarizə aparan

bütün qadın həkimlərə minnətdarlığını bildirib. Bütün dünyada tibb işçilərinin 70 faizinin qadınlar olmasını, amma rəhbər vəzifələrdə qadınların yalnız 25 faiz təmsil olunduğunu xatırladan doktor Gebreyesus bu vəziyyəti dəyişdirməyə çağırıb.

Share: