Dünya şöhrətli alim, böyük ziyalı

Bu ilin noyabrın 17-də Azərbaycanın dünyada böyük nüfuz sahibi olan alimi, ali dəyərlərə sahib ziyalısı, millət vəkili, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun 75 yaşı tamam olur. Qeyd edim ki, “Ot kökü üstündə bitər” kəlamı həqiqətən müdrikliklə deyilmiş kəlamdır.

 

Əhliman müəllimin atası Əmiraslanov Tapdıq Muxtar oğlu Qərbi Azərbaycanda, xüsusən də Göyçə Mahalında yaşayan azərbaycanlıların təhsilinin təşkilində, sosial problemlərinin həllində olduqca böyük rol oynayıb. O, Basarkeçər rayonunda müəllim, məktəb direktoru, 1950-1954-cü illərdə həmin rayonun Partiya Komitəsinin şöbə müdiri, 1954-1959-cu illərdə ikinci katibi, 1959-1976-cı illərdə rayon maarif şöbəsinin müdiri işləyib. Atasının böyük təhsil təşkilatçısı olması, istedadlı gənclərə himayədarlıq etməsi Əhliman Əmiraslanovun aldığı həyat dərslərində xüsusi yer tutub.

 

Əmiraslanovlar ailəsində həmişə təhsilə xüsusi önəm verilib. Məktəb illərində təhsilə, biliyə münasibətdə formalaşan böyük sevgi hər zaman onun ömrünün müşayətçisi olub.

 

Onu da qeyd edim ki, o, məktəbi qızıl medalla bitirib və həmin ildə də indiki Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərindən Bakı şəhər Onkoloji xəstəxanasında tibb qardaşı kimi işləməyi ona elə tələbəlik illərindən cərrahiyyənin sirlərini öyrənmək imkanı verib. Dərin müşahidə qabiliyyətinə malik olması onun praktiki təcrübə toplamasında mühüm rol oynayıb. Əhliman Əmiraslanov 1971-ci ildə universiteti fərqləтmə diplomu ilə bitirib. Bir neçə il Bakı Şəhər Onkoloji xəstəxanasının cərrahlıq şöbəsində həkim onkoloq və şöbə müdiri vəzifələrində işləyib.

 

1974-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil olub.

 

1977-ci ildə “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1977-ci ildən həmin mərkəzdə kiçik elmi işçi, 1981-ci ildən baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində işləyib.

 

1984-cü ildə 37 yaşı olarkən elmlər doktoru dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb.

 

Əhliman Əmiraslanov keçmiş SSRİ üçün onkologiya sahəsində böyük nüfuza malik elmi məktəb yaradıb.

 

Onun “Sümük sarkomaları” monoqrafiyası 1985-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına layiq görülüb və Əhliman Əmiraslanov medal ilə təltif olunub.

 

Qeyd edim ki, SSRİ dövründə SSRİ dövlət mükafatının alınması, xüsusən də tibb sahəsində olduqca çətin bir iş idi. Bununla belə Əhliman Əmiraslanov 1986-cı ildə SSRİ dövlət mükafatına layiq görüldü. Bu, Əhliman Əmiraslanovun elminə və şəxsiyyətinə verilən böyük dəyər idi.

 

Əhliman Əmiraslanov 1987-ci ildə Ümumittifaq Onkoloji Elmi Mərkəzdə aparıcı elmi işçi vəzifəsinə təsdiq edilib, 1989-cu ildə həmin mərkəzdə professor vəzifəsinə seçilib və 1992-ci ilin iyulun 31-ə qədər həmin vəzifədə işləyib.

 

Hələ Moskvada işləyərkən Əhliman Əmiraslanov özünün dünya şöhrətli elmi məktəbinin əsasını qoyub. Təsadüfi deyil ki, onun rəhbərliyi ilə tibb üzrə 46 fəlsəfə doktoru və 12 elmlər doktoru hazırlanıb.

 

Akademik Əhliman Əmiraslanov həmişə xalqına və dövlətinə sədaqətlə xidmət edib və etməkdədir.

 

1992-ci ildən indiyə qədər böyük elmi təşkilati və ictimai fəaliyyəti ilə xalqın sevimlisinə çevrilib.

 

Uzun illər Tibb Universitetinin rektoru olaraq ölkəmizdə yüksək səviyyəli həkimlər “ordusunun” yaranmasında müstəsna rolu olub. Universitetin nəzdində “Stomatoloji”, “Onkoloji”, “Tədris-terapevtik” və “Tədris-cərrahiyə” klinikalarının yaranmasında akademik Əhliman Əmiraslanovun olduqcaa böyük xidmətləri var.

 

Onun elm təşkilatçısı kimi fəaliyyəti  uğurlu olub, biologiya, tibb və aqrar elmlərin ölkəmizdə uğurlu inkişafında onun böyük əməyi danılmazdır.

 

Akademik Əhliman Əmiraslanov uzun illərdir ki, Milli Məclisin deputatıdır. O, dövlət-xalq birliyinin möhkəmlənməsində böyük əmək sərf edir.

 

Ölkəmizdə böyük nüfuza malik, sıraları hər gün artan Yeni Azərbaycan Partiyasının uğurlarında da akademik Əhliman Əmiraslanovun böyük əməyi var. Akademik Əhliman Əmiraslanov hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına, böyük və uğurlu siyasətinə sadiqliyi ilə fərqlənib. O, bu gün də bu böyük şəxsiyyətin layiqli davamçısı, ölkəmizin dünyada böyük nüfuz və sözə sahib olan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının sədaqətli silahdaşıdır, Prezidentimizin siyasətinin fəal təbliğçilərindən biridir.

 

Arxada qalan 75 illik fəxarətli ömrü akademik Əhliman Əmiraslanovun təkcə özü, ailəsi, nəsli üçün yox, həm də xalqımız və dövlətimiz üçün qürurvericidir.

 

Ə.T.Əmiraslanov 1998-ci ilin yanvarında aparılan sorğuya əsasən “1997-ci ilin elm adamı” fəxri adına layiq görülüb. 1998-ci ildə onun adı dünya tibb elminə veridyi dəyərli töhfələrə görə Kembricdə çapdan çıxan “XX əsrin 200 görkəmli şəxsiyyəti” məcmuəsinin əsas hissəsinə daxil edilib, elə həmin ildə tibb elminin, tibb təhsil sisteminin inkişafı yolunda, eləcə də onkologiya sahəsində əldə etdiyi nailiyyətlərin praktikada geniş tətbiqində qazanılan yüksək nəticələrə görə Amerika Bioqrafiya İnstitutunun “Qızıl Statuya” mükafatına, 1999-cu ildə isə Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafatına və “Böyük qızıl” medalına layiq görülmüşdür. Akademik Ə.T.Əmiraslanov 1999-cu ildə UNESCO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, 2016-cı ildə isə həmin komitənin sədri seçilib. Əhliman Əmiraslanov 2000-ci ildə  Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilmiş, 2006-cı ildən UNESCO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESCO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi seçilib. Akademik Ə.T.Əmiraslanov 2007-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının akademik N.N.Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın “XXI yüz illiyin liderləri” proqramı çərçivəsində “Millətin intellekti” adlı beynəlxalq təltifinə layiq görülmüş, 2010-cu ilin aprel ayının 30-da Ölkə Prezidentinin Sərəncamına əsasən akademik Ə.T.Əmiraslanovun adı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə komissiyanın, həmçinin “Azərbaycan Respublikası Milli Atlası”nın tərtibi üzrə redaksiya heyətinin üzvləri siyahısına salınmış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış, 2020-ci ildə isə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, 2011-ci ildə Avropa Tibbi Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Türk Parlament Assambleyasının Ekologiya və Ətraf Mühitin Qorunması Komissiyasının sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəridir.

 

2017-ci ildə o, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

 

Akademik Əhliman Əmiraslanovun 20 monoqrafiya və dərslikləri hazırda həkim olmaq istəyən tələbələrin, elm yolunu seçən insanların istifadə etdikləri ən dəyərli mənbələrdəndir.

 

Akademik Əhliman Əmiraslanovun şəxsiyyətinə və elminə ən böyük və dəqiq qiyməti onun elmi rəhbəri olmuş, Rusiya Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru olmuş akademik Nikolay Nikolayeviç Trapeznikov verib:

 

“Çox şadam ki, mənim Əhliman Əmiraslanov kimi bir tələbəm var. Arxayınam və şərəf duyuram ki, istənilən anda o məni Onkoloji Elmi Mərkəzin baş direktoru vəzifəsində əvəz edə bilər. Əhliman Əmiraslanovun onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə yeni elmi nəticələrdir. Bu nəticələr xarici ölkə alimlərinin həmin sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayır.”

 

Bir azərbaycanlı olaraq bu fikirləri oxuyanda qürurlanırsan ki, sənin belə nüfuzlu alimin, dəyərli şəxsiyyət olan soydaşın var.

 

Biz belə insanlarımızı qorumalıyıq, diqqətdə saxlamalıyıq, xalqımız, dövlətimiz və bəşəriyyət üçün.

 

Akademik Əhliman Əmiraslanovun respublikamıza qayıdıqdan sonrakı fəaliyyəti də Moskvadakı dövr kimi çox məhsuldar və uğurludur.

 

Aşağıdakı məlumatlar fikirlərimin təsdiqi ola bilər:

 

Akademik Əhliman Əmiraslanovun həyat və fəaliyyətinin 1990-2022-ci illərdəki dövrünün əsas tarixlərindən qısa xronologiya

 

1990-1995-ci illər – Azərbaycan Respublikasının xalq deputatı;

1991-ci il – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür;

1992-ci il – N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru təyin olunmuş və Onkologiya kafedrasının müdiri seçilmişdir;

1994-cü il – Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü seçilib (Milan ş., İtaliya);

1997-ci il – Amerika Klinik Onkologiya Cəmiyyətinin həqiq üzvü seçilmişdir

(ABŞ);

Amerika Bioqrafiya İnstitutunun “Qızıl Statuya” mükafatına

layiq görülmüşdür;

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı”

ilə təltif edilmişdir;

1998-ci il – Beynəlxalq Tədqiqatçılar Assosiasiyasının üzvü seçilmişdir;

1999-cu il – Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir

(Varşava ş., Polşa);

Polşa TEA-nın Albert Şveytzer adına mükafata və “Böyük Qızıl”

medalına layiq görülmüşdür (Varşava ş., Polşa);

YUNESKO-nun “Bioetika, elm və texnologiyaların etikası” üzrə

Azərbaycan Milli Komitə sədrinin müavini seçilmişdir;

2000-ci il – “Şöhrət” ordeni ilə təltif olunmuşdur;

Azərbaycan-İran İslam Respublikası Dostluq Cəmiyyətinin sədri seçilmişdir;

2001-ci il – Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir

(Moskva ş.);

Azərbyacan Milli Elmlər Akademiasının həqiqi üzvü seçilmişdir;

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri

Bölməsinin akademik – katibinin müavini seçilmişdir;

2003-cü il – Polşa Tibb Elmləri Akademiyasının A.Şveytzer adına Böyük

Qızıl medalına layiq görülmüşdür;

2006-cı il – YUNESKO-nun Azərbaycan “Bioetika, elmi biliklərin və

texnologiyaların etikası” Komitəsinin Rəyasət Heyətinin üzvü və

YUNESKO-nun eksperti;

2007-ci il – Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb

Elmləri Bölməsinin akademik-katibi seçilmişdir;

RTEA-nın ali mükafatı olan akademik N.N.Bloxin adına qızıl

medalına layiq görülmüşdür;

2010-cu il – Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf

Fondunun Himayədarlar Şurasının üzvü seçilmişdir;

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq,

mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları

Komissiyasının üzvü təyin edilmişdir;

“Azərbaycan Respublikası Milli Atlası”nın tərtibi üzrə redaksiya

heyətinin üzvü təyin edilmişdir;

2011-ci il – Avropa Tibbi – Onkologiya Cəmiyyətinin həqiq üzvü seçilmişdir;

Dünya Azərbaycanlılarının III Qurultayında Dünya

Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir;

Türkdilli Ölkələrin Parlament asambleyasının (TÜRKPA) Ətraf

Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri;

2013-cü il – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf

Fondunun Himayədarlar Şurasının üzvü təyin edilmişdir;

2014-cü il – Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

Himayədarlar Şurasının üzvü təyin edilmişdir;

2015-ci il – Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin

Sədri seçilmişdir;

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-

Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri seçilmişdir;

2016-cı il – YUNESKO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası”

üzrə Azərbaycan Milli Komitəsinin sədri;

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının baş

redaktoru;

2017-ci il – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf

Fondunun Himayədarlar Şurasının üzvü təyin edilmişdir;

Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm

xadimi fəxri adına layiq görülmüşdür;

Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir;

AMEA-nın Fəxri fərmanına layiq görülmüşdür;

2020-ci il – Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı və

                    Səhiyyə Komitəsinin Sədri seçilmişdir;

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-

Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri seçilmişdir.

 

Dəyərli alimimizi, vətənpərvər vətəndaşımızı, gənclərə örnək olan ağsaqqalımızı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, sağlam həyat, yeni uğurlar arzulayıram.

Akademik Əhliman Əmiraslanov sevilməyə, qorunmağa layiq İnsandır, Vətəndaşdır, Alimdir, İctimai xadimdir və təkcə mühazirələrinə görə yox, həm də davranışı ilə həyat dərsi keçən MÜƏLLİMDİR.

 

Akademik Vaqif Abbasov

Mənbə

Share: