Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən 4 milyon nəfər artıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək artım göstəricisidir. Ölüm hallarının sayı isə 59 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.
Bildirilib ki, noyabrın 8-dən 15-dək olan müddətdə dünyada 3 977 223 yeni yoluxma halı və 59 699 ölüm faktı qeydə alınıb. Bundan öncəki həftədə göstəricilər müvafiq olaraq 3 695 495 və 54 835 nəfər idi.
Avropa regionundan yoluxanların sayının artması barədə dayanmadan məlumatlar gəlsə də, keçən həftə yoluxma ictimai səhiyyə və ictimai tədbirlərin görülməsi nəticəsində 10% azalıb.
ABŞ-da yoluxma sayı 1 milyondan çox, Hindistanda 306 mindən çox, İtaliyada 242 mindən çox, Fransada 203 mindən çox, Braziliyada 179 mindən çox artıb. Artım sayına görə, sonrakı yerlərdə Böyük Britaniya (təxminən 173 min), Polşa (169 mindən çox), Rusiya (151 mindən çox), Almaniya (təxminən 132 min) və İspaniya (87 mindən çox) qərarlaşıb.