Dünyada koronavirus qurbanlarının sayı artır

Son bir həftə ərzində, 7-13 dekabr tarixlərində dünyada daha 4.3 milyon nəfər koronavirus infeksiyasına yoluxub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.

Pandemiyanın başlanmasından bəri bu ən yüksək göstəricidir. Əvvəlki həftəlik ən yüksək göstərici 16-22 noyabr tarixləri arasında qeydə alınıb. O vaxt dünya üzrə COVID-19-a 4 milyon yeni yoluxma halı aşkar edilmişdi.

Yeni yoluxma hallarının təxminən yarısı — 2 milyon — Şimali və Cənubi Amerikaya təsadüf edir. Həftə ərzində ən çox yoluxma halı – 1,45 milyon nəfər ABŞ-da aşkar edilib. Bu ötən həftə ilə müqayisədə 16 faiz çoxdur.

ÜST-nin məlumatına əsasən, pandemiyanın əvvəlindən dünyada 70,4 milyondan çox COVID-19-a yoluxma halı və təxminən 1,6 milyon ölüm halı qeydə alınıb. Con Hopkins Universitetinin ümumi statistikasına əsasən bu göstəricilər daha yüksəkdir — 73,2 milyon yoluxma halı və 1,63 milyon ölüm halı.

Share: