“Unudulmaqdan qorxduğum üçün yazıram…”
Orxan Pamuk
…Yaddaşım məni artıq heç vaxt yaşamayacağım və görməyəcəyim lakin, xoşbəxt sandığım vaxtlara, illərə qaytarır… Arxada qalan o günlər, aylar və illər başıma qar dənəcikləri kimi tökülür. Uşaqlığım, “qaçaq” günlərim, qədrini bilmədiyim sağlam gəncliyim indi çox uzaqlarda qalıb. İmkanım olanda bir də geriyə boylanıram, dərindən köks ötürürəm…
Ağ saçlar və alın qırışları da bəzən yalançı olur. Gənclik illərində gözəl qamət axtaran, müəyyən vaxtdan sonra təmiz və saf qəlb sorağına çıxır, amma tapa bilmirlər…
Adətən yaş üstünə illər qalananda xatirələr yada düşür, kövrəlirsən. İnsan da vaxtında, səbrlə “yetişəndə” özünü dərk edir. Böyük Sədi demişkən: ”…Bir meyvə ki, səbr ilə yetişdi, şəkər oldu…”
Bəzən, Adəm övladı ixtiyar çağında, yaşına uyğun hərəkət edə bilməyəndə, payızda bivaxt çiçəklənən ağaca bənzər. Bivaxt çiçək açan ağacda meyvə qalmaz ki…
“…Payızda bir alça çiçəkləmişdi,
Bir vaxt yadımdadır gülmüşdüm ona.
O bəladır gəlib başıma indi.
Düşdüm o ağacın bəd qarğışına…”(Musa Yaqub)
Qocalıq sadəlövhlükdür, az qala hər şeyə inanırsan, hamının halına acıyırsan… Mənsəb sahibi olduğum zamanlarda bir az sərtliyim, hamıya və hətta oxuduqlarıma da inanmadığım günlər yadıma düşür. Kommunistsayaq zaman belə tələb edirmiş. İndi dövran dəyişib, insanlar zəhmətsiz gəlir dalınca düşüb vaxt itirirlər. Qazandıqları və gördükləri əsəb, qəzəb və hiddətdir…
Əslində, qocalıq uşaqlıq vəgənclik illəri ilə zənginləşir, müdrikləşir. Buraxdığın səhvlərə, törədilən günahlara görə min kərə peşmanlığını çəkirsən, Tanrıdan məğfirət diləyirsən. Görən qəbul olunarmı?
Uşaqlığın da gəncliyi və ahıl çağı olmazsa, nakam həyat yaşamağa məhkum olursan…
İmkan tapıb gənclik illərimlə bağlı zamanın ssenari müəllifi və rejissoru olduğu kadrlara baxanda köks ötürürəm… O illərdə qazandıqlarımı – “sərvətimi” istədiyim kimi hamıya sələmsiz borc verdiyimi xatırlayıram. Sinnimin bu vaxtında, indi, “qapı-qapı” düşsəm də yığa bilmirəm. Qalıb o dünyanın ədalət mühakiməsinə… Amma heyifslənmirəm. Sadəcə gəncliyim bu günü ilə öyünə və fəxr edə bilər.Bu günüm keçmişi ilə öyünə bilmir.
Bir də geri qayıdası olsam həyatımı başqa cür qurardım… Soruşa bilərsiniz, necə?
Cavab verirəm: Bu illər ərzində hər gün əllərimi yeri, göyü 7 günə Yaradanın dərgahına qaldırıb dua edərdim; Ya Rəbbi! İmkanım olsaydı bütün dünyanın kin və nifrətini, qəzəbini və həsədini, millətlərin bir-birinə olan düşmənçiliyini bir parça buzun üzərində yazardım. Sonra Səndən, Ya Rəbbi, yalnız Səndən günəşin çıxmasını arzulayardım…
Açığını deyim ki, bu yaşımda tənbəlliyə və işsizliyə görə çox ehtiyatlanıram. İşsizlik, sonra da adamı qollarına alan tənbəllik çox təhlükəlidir… Hər bir yaşın özünəxas cəhətləri varmış…
Zamanında aldığım zərbələrdən bədənim zəifləyib, güc tükənib, əl-ayaq ağırlaşıb “sözə baxmır”, dil dolaşır, yaddaşı və ağılı daha “itiləmək” olmur, dünyanın “dar mənzili” yaxınlaşır. İstəsək də, istəməsək də Əzrayılla “dostluğa”, qolboyun olmağa tələsirik. Qısa “dostluq” sədaqətsizliklə başa çatır… Bundan sonra həyatın heç mənası olarmı!?
Qoca, müdrik və təbəssümlü görünəndə qəşəng olur! Qocalığı bacarmaq da böyük bir incəsənətdir. Biz, qocaların müdrikliyindən olduqca az istifadə edirik(?).
72 il ərzində ömrümün ən sakit keçən saatları mənim üçün böyük hadisəyə çevrilib, məətəl qalmışam bu səlis məntiq qarşısında. Sən demə, 1-dən 2-yə qədər də bir rəqəm varmış. 2 rəqəmi birdən-birə yaranmır ki,…
Ağac işığa-günəşə sarı nə qədər boy atırsa, kökü də bir o qədər dərinə, sona doğru gedir… İnsan da ağac kimidir…
Bu çağımda, bir daha özümü dərk etməyə çalışıram… Axı, dünyam əlimdən gedir…
Deyirlər ki, dadla bağlı mübahisə etməzlər. Amma görünən odur ki, həyat nə qədər sərt və dolanbac yollarla yadda qalırsa, bir o qədər də dadlıdır, mübahisəyə hacət yox…
Şəmsəddin Əliyev
Hüquqşünas- publisist