Dünyanın ən kiçik xalçası Lerikdə toxundu

Azərbaycanlı xalçaçı həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. Yeni toxunan xalçada cəmi 41 sıra, onun hər bir kvadrat santimetrində isə 311 ilmə var.

 

AZƏRTAC xəbər verir ki, Lerik rayonunun Monidigah kənd sakini, miniatür xalça ustası İlqamət Hadiyev dünyada ən kiçik ölçülərə malik xalçanı toxuyub.

 

Xalçanın üzərində Qələbəmizin simvolu olan “Dəmir yumruq” şəkli əks olunub. O, əl işini Vətən müharibəsində müzəffər Ordumuzun əldə etdiyi şanlı zəfərə həsr edib: “Dəmir yumruq” xalçasını beş gün ərzində toxuyub bitirmişəm. Bu xalça nəinki mənim toxuduğum miniatür xalçalar arasında, hətta dünyada ən kiçik ölçülü xalçadır. Eni 1,8 santimetr, uzunluğu 2,2 santimetr, qalınlığı isə bir millimetrdir. Xalçanın hər kvadrat santimetrinə 311 ilmə düşür. Ötən il bundan bir az böyük, Vətən müharibəsində şəhid olan igidlərin əziz xatirəsinə “Xarıbülbül” xalçası həsr etmişdim. Onun eni 1,9 santimetr, uzunluğu isə 2,1 santimetrdir. Həmin xalçada cəmi 33 sıra, hər kvadrat santimetrində 275 ilmə var. “Xarıbülbül” xalçasının qalınlığı da 1 millimetrdir. Beləliklə, həm dünya rekordunu, həm də öz rekordumu təzələmiş oldum”.

 

İlqamət Hadiyevin toxuduğu kiçik xalçalar içərisində tariximizin daş yaddaşı olan Qobustan qayaüstü rəsmlərinin əks olunduğu miniatür xalça, bayrağımızın rənglərini özündə əks etdirən “Buta” xalçası da var. Deyir ki, miniatür “Qarabağ xalçası” əl işləri içərisində ən sıx toxunuşa malik olanıdır. Burada hər kvadrat santimetrdə 315 ilmə var. “Qarabağ xalçası”nı Qarabağ xalçaları kataloquna baxıb toxuyub.

 

Mənbə

Share: