“Düşmənin maraqlarına xidmət edən şübhəli video və fotoları paylaşmaqdan çəkinməliyik”

“Düşmənin maraqlarına xidmət edən şübhəli video və fotoları paylaşmaqdan çəkinməliyik”

Allah bəlamızı versin, istədiyimizə nail olduq 

 

Çох vахt nəyin yaxşı, həyin pis olduğunun fərqinə varmadıq. Əsas odur ki, yeni bir material olsun paylaşaq. Nəticəsi vacib deyil. Heç bu materialın doğru və ya feyk olduğu da çoxumuzu da maraqlandırmır. Dünən “Dövlətimin yanındayam” deyənlər, bu gün dövlətin gördüyü işləri sıfırlamaq üçün əlindən gələni edir. Əsas odur ki, səhifəmizdə özümüzə, həm də əsgərimizə ziyan vursa belə, yeni bir material olsun, 5-10 nəfər də bunu bəyənsin. Vəssalam. Sonradan səhra geyiminə akselbant və medal taxan polkovnikin müharibə zamanı mülki təyyarədən şəxsi heyətlə selfisi, ya da 70 yaşlı erməninin “dərsini” verildiyi video olsun, fərqi yoxdur, hamısını paylaşırıq. Əsas odur ki, yeni material olsun. Ziyanı ya xeyri bəzilərini qətiyyən  düşündürmür. 

Xocalı, Malıbəyli, Quşçular, Qaradağlı, Baqanis Ayrım faciələri barədə məlumatlı olan Əsgərimiz döyüşdə dostunu şəhid edən düşmənə qarşı amansız ola bilər. Amma düşmən müqavimət göstərmirsə, onun əsir götürülüb aiddiyyəti üzrə təhvil verilməsi mütləqdir. Diri olaraq əsir götürülən düşmən bizə qiymətli məlumatlar verəcəyi şübhəsizdir. 

Bəziləri ermənilərin daha amansız fəaliyyətləri barədə yazacaq. Nəyə görə biz biz özümüzü daha sivil xalqlarla müqayisə etmək əvəzinə, işğalçı, qatil və fərari bir orduya malik xalq ilə müqayisə etməliyik? Niyə görə onların səviyyəsinə enməliyik? 

Bütün bu çəkilişlərin günahi, bu materialları çəkənlərdə, onları sosial şəbəkə istifadəçilərinə ötürənlərdə və bunu paylaşanlardadır. Tutaq ki, kimsə belə bir qurama video hazırlayıb və ya çəkib, niyə bunu biz Azərbaycan vətəndaşı olaraq paylaşmalıyıq? İnsanlarımızda Əsgərimizin həyatına və onun azadlığına qarşı bu qədər laqeydlik haradan qaynaqlanır? 

Baş Prokurorluq materialı araşdıracaq, bəlkə də kimə qarşı cəza tədbirləri də görüləcək. Bunumu istəyirdiksə, Allah bəlamızı versin, istədiyimizə nail olduq. 

 

Video materiala gəlincə burada dəbilqələrin rəngindən tutmuş qayalıq ərazidə yaxın məsafədən atəşin atıcının özü üçün təhlükəli olmasına qədər çox sayda suallar mövcuddur. Buna çox köklənmirəm, hesab edirəm ki, araşdırmanın nəticələrini və ballistik ekspertizanın dəyərləndirməsini gözləməyimiz daha doğrudur. 

İstənilən halda hamını qalib Azərbaycana qarşı qaldırmaq yalnız Ermənistanın maraqlarına uyğun idi və bizlərdən də bəziləri buna şərait yaratmaqdan çox “məmnun” oldular. Həmin o “məmnun” olanları da tapmaq vacibdir. 

Azərbaycana qarşı bir çox sərsəm şüarları erməni tərəfi kütləvi şəkildə səsləndirib və səsləndirir, amma biz buna cavab olaraq döyüşdə yaralanan düşmən hərbçisinin yaralarını sarıyan və onun həyatını xilas edən, sonradan yaralı Tiqranı qospitalda ziyarət edən hərbçilərimizi təbliğ etməliyik. 

Odur ki, Əsgərimizin həyatını təhlükəyə atmaqdan və onu istiqamtləndirməkdən hər birimiz çəkinməliyik. Bizim işimiz Əsgərimizə ləyaqətlə vəzifələrini yerinə yetirmək üçün dəstək olmaqdan, nizamnamənin tələblərini, komandirlərin əmr və sərəncamlarını vaxtında və dəqiq yerinə yetirməyə istiqmətləndirməkdən ibarət olmalıdır. Şübhəli materialları, xüsusən də düşmənin maraqlarına xidmət edən video və fotoları yaymaqdan və paylaşmaqdan hər birimiz çəkinməliyik. 

 

Ədalət Verdiyev, hərbi ekspert

Mənbə

Share: