Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Milletinsesi.az xəbər verir ki, müraciətdə deyilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevral ayının 7-si axşamdan başlayaraq həftə sonunadək ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edir.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edirik”.