“Əgər mən qorxsaydım, onda necə olardı?..”- Ziya Bünyadov

“Sizcə, qəhrəman olmaq çətindir, yoxsa akademik?..”- mərhum tanınmış publisist və jurnalist Azər Abdullanın 1990-cı ildə rəhmətlik milli qeyrətli akademikdən götürdüyü müsahibədən…

 

Dünən – fevralın 21-də Azərbaycanın nadir şəxsiyyət-ziyalılarından olan Ziya Bünyadovun xaincəsinə qətlə yetiriilməsin 27 il ötdü. Bu gün – fevralın 22-də mərhum akademikin torpağa tapşırıldığı gündür.  

Moderator.az rəhmətlik milli qeyrətli akademikin xatirəsini anmaq üçün  mərhum tanınmış publisist və jurnalist Azər Abdullanın 1990-cı ildə ondan götürdüyü müsahibəsindən ibrətamiz bir parçanı dəyərli oxucuların nəzərinə çatdırır:

 

-Ziya müəllim, siz Böyük Vətən Müharibəsində igidcəsinə vuruşub Sovet İttifaqı Qəhrəmanı kimi qayıtmısınız, sonrakı bütün ömrünüzü isə elmə sərf etmisiniz, akademik adına layiq görülmüsünüz.  Yalnız Azərbaycanda, İttifaqda deyil, dünyada tanınmış adlı-sanlı alimlərdənsiniz. Siz igid, qəhrəman kimi daha çox fəxr edirsiniz, yoxsa görkəmli tarixçi, akademik Ziya Bünyadov kimi? Sizcə, qəhrəman olmaq çətindir, yoxsa akademik?

 

-Heç kəs deyə bilməz ki, mən şüurlu qəhrəman olmuşam. Müharibə zamanı yollarda plakatlar vardı. Uşaq şəkli təsvir edilmişdi, barmağını tamaşaçıya tuşlamışdı: “Mənim atam qəhrəmandır, bəs sən?”, yaxud “Ey əsgər, Vətənin müdafiəsində sən nə etmisən?”. Orden, medal barəsində heç kəs düşünmürdü. Əsas məqsəd düşməni endirmək, qələbə çalmaq idi. Axı, müharibədə heç-heçə olmur, kimsə qələbə çalmalıdır. Kim də desə “qorxmuram” –yalandır. Qorxu var, bir də qorxunun üstündən keçmək. Əgər mən komandirəmsə, gərək əsgərlərimə nümunə olam. Əgər mən qorxsaydım, onda necə olardı? Mənim borcum olmasa da, həmişə öndə gedirdim.  Mən dustaqların, cərimə rotasının komandiriydim. Mən onlarla birgə döyüşə gedirdim. Ona görə də xətrimi çox istəyirdilər…

 

Ancaq biz hamımız şahmat oynasaq da, qrosmeyster deyilik.  3-5 dərəcəli səviyyəsində oynaya bilərik. Bu, Allah vergisidir. Elm də elədir. Əgər təbiətdən verilibsə, sən alim olacaqsan.  Yoxsa zorla olan iş deyil. Gündə 3-4 kitaba baxmasam, özüm üçün nəsə qeyd eləməsəm, dayana bilmərəm. İş yerimdə bir işlə, evdə başqa bir işlə məşğul oluram, onlardan başqa ehtiyatda da başqa işlərim olur. Hələ gözlənilməz işlər də ortaya çıxır. Məsələn, bilirəm ki, hardasa mənim də əleyhimə  bir təhqiramiz yazı çap olunur. Mən də ona cavab yazmalı oluram.  Bəzi şeylər mənim ixtisasımla bağlı olmasa da, yazıb həqiqəti sübut eləməyi özümü borc bilirəm. Bizim tariximizi saxtalaşdırmağa çalışan erməni alimləri ilə 1965-ci ildən mübarizə aparmaqdayam…”

 

Allah həm müsahibə, həm də jurnalistə rəhmət eləsin!..

 

Təqdim etdi:

 

Sultan Laçın

 

Mənbə

Share: