Ekspress xətlər üzrə avtobusların dayanacaq məntəqələri təyin olundu

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobuslar yalnız metrostansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

Bu barədə məlumat yayılıb.

Bakıda metro stansiyaları arasında ekspress avtobusların marşrutları Nazirlər Kabineti yanında operativ qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir. Məlumatda ekspress xətlər üzrə avtobusların dayanacaq məntəqələri qeyd olunub:

M1 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. – 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək.

Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”la olacaq.

Eyni zamanda, bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət olmadan evdən çıxmamağı tövsiyə edirik.

Share: