“Neftçi” klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov peşəkar karyerasına 2010-cu ildə Rusiya təmsilçisi “Saturn”da başlayıb.
Mosvka “Spartak”ı və Portuqaliyada “Boavişta”nın da formasını geyinmiş yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”nin uğurları üçün çalışır.
2020/2021 mövsümündə ağ-qaralarla Azərbaycan Premyer Liqasının qalibi olan 30 yaşlı futbolçu “Report”un suallarını cavablandırıb.
– Premyer Liqanın son turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gəldiniz. Oyunu necə şərh edərdiniz?
– Matça yaxşı başlamışdıq. İki top fərqi ilə önə keçəndə sonra boşluqlar verməyə başladıq. O anlarda rəqib bizdən daha yaxşı oynadı. Yaxşı ki qələbə qazandıq.
– Hər üç qolu siz vurdunuz. Karyeranızdakı ilk het-triklə bağlı təəssüratlarınız necədir?
– İlk dəfə het-trikə imza atdığım üçün çox şadam təbii ki. Bunu bacaran oyunçulardan olduğum üçün sevinirəm.
– Dünya çempionatının davam etdiyi bir vaxtda daxili oyunlara köklənməklə bağlı problem olur?
– Bu, bizə mane olmur. Hətta deyərdim ki, daha yaxşıdır. Oyundan əvvəl bazada qalanda komanda yoldaşlarımızla futbola baxa bilirik.
– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?
– Bu komanda ilə oyunlar həmişə maraqlı olur. Ağdamlılarla qarşılaşmaları çox sevirəm. Qələbə qazanmaq üçün bu görüşə maksimum diqqətli çıxmalıyıq.
– Qələbə qazansanız, liderlə xal fərqini minimuma endirə bilərsiniz. Bu amil komandanız üçün əlavə stimul ola bilər?
– Bizim üçün 3 xal hər oyunda, həmçinin “Qarabağ”la matçda da stimul olmalıdır.
– Azərbaycan millisi ardıcıl beşinci qələbəsini qazandı. Sanki komandada artıq qələbə ruhu formalaşıb. Bu amil seçmə mərhələdə milliyə nə dərəcədə kömək edəcək?
– Qələbələr komandaya daha çox güvən verir və biz də yaxşı oyun göstərəcəyimizə, xallar qazanacağımıza inanırıq.
– Futbolçuların De Byaziyə, italiyalı mütəxəssisin isə artıq oyunçulara uyğunlaşdığını söyləmək olar?
– Biz baş məşqçinin istədiyini yerinə yetirməyə çalışırıq. Necə alındığını seçmə mərhələdə birlikdə görəcəyik.
– Dünya çempionatı barədə fikirləriniz maraqlıdır. Mövsümün ortasında və qışda keçirilən mundial necə təsir bağışlayır?
– Mənim üçün fərq etmir. Dünya çempionatı futbolun ən vacıb turniridir və həmişə maraqlıdır.
– Hansı komandaya azarkeşlik edirsiniz və ya favoritiniz kimdir?
– Uşaqlıqdan Braziliya yığmasının azarkeşiyəm və onları favorit kimi görürəm.
– Artıq qrup mərhələsində II tur başa çatıb. Hansı yığma sizi daha çox təəccübləndirib?
– Səudiyyə Ərəbistanı yığması bir az təəccübləndirdi. Çox yaxşı futbol oynayırlar, heç kimdən çəkinmirlər. Onların maraqlı taktikaları var.