Enerji auditorları və enerji auditləri üzrə təşkilatların reyestri aparılacaq.
Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə bu gün təsdiqlənən “Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, Reyestr Energetika Nazirliyi tərəfindən elektron qaydada aparılır və mütəmadi olaraq yenilənir.
Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
– enerji auditi üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ünvanı;
– enerji auditorunun soyadı, adı, atasının adı və ünvanı;
– ixtisas attestatının nömrəsi, verilmə və qüvvədəolma tarixi;
– ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat;
– bu Qaydaya əsasən ixtisas attestatının əhatə etdiyi ixtisas kateqoriyası;
– əlaqə vasitələri (telefon və elektron poçt ünvanı);
– həyata keçirilən enerji auditləri barədə məlumat;
– enerji auditorunun reyestrdən çıxarılması tarixi və səbəbləri;
– enerji auditorunun fəaliyyətində aşkar edilmiş nöqsanlar barədə məlumat.
Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətlərinə xitam verildikdə, onlar reyestrdə ayrıca bölmədə qeyd olunur.
Fəaliyyəti dayandırılmış enerji auditi üzrə təşkilatın və enerji auditorunun fəaliyyəti bərpa edildikdə, onlar barəsində müvafiq məlumatlar yenidən reyestrə daxil edilir.
Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinə daxil edilən məlumatlar Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Enerji auditi üzrə təşkilat fəaliyyəti barədə illik hesabatı hər təqvim ilindən sonra gələn növbəti ilin yanvar ayının 31-nə qədər Nazirliyə təqdim edir və hesabata aşağıdakı sənədlər əlavə edilir:
– təqvim ili ərzində həyata keçirilən enerji auditlərinin siyahısı;
– hər enerji auditinin nəticəsinə dair hesabatın surəti.
Təqvim ili ərzində heç bir enerji auditi keçirilmədiyi halda enerji auditi üzrə təşkilat tərəfindən Nazirliyə məlumat verilir.
Enerji auditi üzrə təşkilatlar enerji auditlərinin elektron qaydada uçotunu aparır və “Milli arxiv fondu haqqında” qanun nəzərə alınmaqla saxlanılmasını təmin edir.
Nazirlik təqdim edilən hesabatların reyestrdə qeydiyyatını həyata keçirir.
Enerji auditinin keyfiyyətinin yoxlanılması həmin auditin sifarişçisinin müraciəti əsasında da həyata keçirilə bilər.
Təqdim edilən enerji auditi hesabatlarındakı məlumatların həqiqiliyinə şübhə yarandıqda Nazirlik aşağıdakı tədbirləri həyata keçirmək hüququna malikdir:
– enerji auditi üzrə təşkilatdan enerji auditi aparılan obyekt haqqında əlavə məlumatları tələb etmək və dəqiqləşdirmələr aparmaq;
– enerji auditi ilə bağlı məlumatları yoxlamaq üçün enerji auditinin sifarişçisi ilə əlaqə saxlamaq;
– bu Qaydada nəzərdə tutulan hallarda enerji auditi həyata keçirilmiş obyektə maneəsiz daxil olmaq və monitorinq aparmaq.
Enerji auditinin bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab vermədiyi müəyyən edildikdə, həmin auditi həyata keçirən enerji auditoru və enerji auditi üzrə təşkilat tərəfindən həyata keçirilən bütün enerji auditləri Nazirlik tərəfindən yoxlanıla bilər.
Enerji auditində 2 və daha çox enerji auditoru iştirak etdiyi və enerji auditi üzrə cavabdeh olduqları sahələrin müəyyən edilməsi mümkün olmadıqda, yoxlamanın nəticəsi üzrə enerji auditində iştirak etmiş bütün enerji auditorları birgə məsuliyyət daşıyırlar.
Yoxlamanın nəticələri Nazirlik tərəfindən protokollaşdırılır və müəyyən edilmiş çatışmazlıqlar qeyd edilir.
Yoxlama nəticəsində aşkar olunan çatışmazlıqlar barədə enerji auditi üzrə təşkilata bildiriş göndərilir və bildirişə çatışmazlıqların aradan qaldırılması və bir daha təkrarlanmaması ilə bağlı tapşırıqlar və tövsiyələr əlavə edilir. Enerji auditi üzrə təşkilat çatışmazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər barədə elektron və ya yazılı qaydada Nazirliyə məlumat təqdim edir.
Enerji auditorları və enerji auditi üzrə təşkilatlar enerji auditinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı Nazirliyin göstərişlərinə riayət etməlidir.