Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.